Ön söz

Əziz dostlar, 

Sizi, Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin rəsmi internet səhifəsində salamlamağa çox şadam. 

Ümidvaram ki, bu səhifə Azərbaycan haqqında, Azərbaycan-Latviya əlaqələri və Səfirliyimizin fəaliyyəti haqqında əsas məlumatlar əldə etməyə kömək edəcək. 

Azərbaycan, öz təbii ehtiyatları ilə Cənubi Qafqaz regionunun ən zəngin ölkəsidir. Dünyada ilk neft quyularından biri Azərbaycanda qazılmışdır. XIX əsrin sonunda və XX əsrin əvvəlində Azərbaycan neft hasilatı üzrə dünyada ilk yerlərdən birini tuturdu. 

Şərqdə ilk dəfə demokratik respublikanın yaradılması 1918-ci ildə Azərbaycanda reallaşdırılmışdır. 

Azərbaycanın rifahı istər sovet dövründə, istərsə də öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 

Azərbaycan, regional sabitlik və təhlükəsizliyin, iqtisadi inkişaf və inteqrasiyanın möhkəmləndirilməsini stimullaşdıracaq beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. 13 iyul 2006-cı il tarixindən Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini dünya bazarlarına daşıyır. Bundan əlavə, Bakı-Tiflis-Ərzurum qaz xətti, TRASECA proqramı, Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi layihələrin həyata keçirilməsi, həm Azərbaycanın həm də regionun inkişafında və Avropaya inteqrasiya olunmasında böyük rol oynayacaq. 

Hal-hazırda Azərbaycan təkcə neft-qaz sektorunda deyil, həmçinin bir çox ölkələrin maraq göstərdiyi və sərmayələr üçün əlverişli sahələr olan qeyri-neft sektorunda: kənd təsərrüfatı, yüngül sənaye, turizm, kimya sənayesi, metallurgiya, alüminium sənayesi, maşınqayırma və s. üzrə böyük potensial və imkanlara malikdir. 

Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü regionun sabitliyi və rifahına maneçilik törədir. Təcavüz nəticəsində Ermənistan ardıcıl olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və ölkənin daha yeddi rayonunu işğal edib. Azərbaycan ərazisinin 20%-i hələ də işğal altındadır və Azərbaycanda qaçqın və məcburi köçkünlərə çevrilmiş insanların sayı 1 milyona çatmışdır. 

Azərbaycan hökuməti münaqişənin beynəlxalq norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə hörmət, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in sənəd və qərarlarına əsasən sülh yolu ilə həllinə sadiqliyini qoruyur. 

Əziz dostlar, 

Azərbaycan-Latviya əlaqələrinə dair xüsusi olaraq qeyd etmək istəyirəm ki, ölkələrimizin tarixində çoxlu oxşar cəhətlər vardır. Müstəqillik uğrunda aparılan mübarizə millətlərimizi daha da yaxınlaşdırmışdır. Latviyada böyük Azərbaycan icması yaşayır. Latviya dövləti tərəfindən həmvətənlərimizə göstərilən münasibətdən çox məmnunuq. 

Azərbaycan Avropa institutlarının üzvüdür, Avropa və Avro-Atlantik strukturları ilə sıx əməkdaşlıq edir və həm ikitərəfli səviyyədə, həm də Avropaya inteqrasiya proseslərində Latviya ilə əməkdaşlığa xüsusi önəm verir. Qeyd etmək istəyirəm ki, Azərbaycan Avropa Şurasına Latviyanın həmin təşkilatda sədrliyi dövründə qəbul edilmişdir. 

Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq, Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün vacibdir. 

Eyni zamanda Latviya və Azərbaycan böyük iqtisadi potensiala malikdir və düşünürük ki, turizm, nəqliyyat kimi sahələrdə və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. 

Son olaraq bir daha qeyd istəyirəm ki, biz internet səhifəmizi, qonaqların vətənimiz, insanlarımız, ənənələrimiz, iqtisadiyyatımız, mədəniyyətimiz və s. haqqında ətraflı məlumat əldə etmək məqsədi ilə yaratmışıq. 

Hörmətlə, 

Cavanşir Axundov