Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu qanunun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa bərpa haqqında vəsatəti rədd edilir.

Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2. 4 ədəd 3x4 sm fotoşəkil
  3. şəxsiyyəti təsdiq edən sənədin surəti
  4. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd
  5. ailə tərkibi haqqında arayış
  6. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur)
  7. dövlət rüsumunun ödənilməsi barədə sənəd

Qeyd: savadsızlıq və fiziki qüsurlarına görə müraciət edən şəxs tərəfindən sənədlərin imzalanması mümkün olmadığı halda ərizəyə bu barədə izahlı qeyd yazılmalı və sənədləşməni aparan orqan həmin faktı təsdiq etməlidir.

Diqqət! Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişdirsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Xarici İşlər Nazirliyi vətəndaşlığı təsdiq edən sənədləri verən orqanları (vəzifəli şəxsləri) müvafiq tədbirlər görülməsi üçün xəbərdar edir.