Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə AR-in xarici ölkələrdəki Səfirlik və Konsulluqlarına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (10-cu maddə, ikinci hissə)

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. (18-ci maddə)

Bunun üçün aşağıdakı sənədlərin Səfirliyə və ya Baş Konsulluğa göndərilməsi tələb olunur:

  1. ərizə-anket;
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  3. Vətəndaşlığı qəbul edilmiş xarici ölkənin pasportunun surəti.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına daxil olan belə ərizələr əlavələri ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda, ərizəçiyə xarici öklənin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir.