2016-03-11
Latviya və Azərbaycan regional inkişaf sahəsində təcrübə mübadiləsi aparıblar

Artıq xəbər verildiyi kimi, Regional məsələlər üzrə komitənin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin nümayəndə heyəti martın 9-dan Riqada rəsmi səfərdədir. Nümayəndə heyətinə komitə üzvləri, Milli Məclisin deputatları Rüstəm Xəlilov, Kamran Bayramov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, parlamentin eksperti İsaq Alməmmədov daxildirlər.

Azərbaycan nümayəndə heyətinin üzvləri martın 10-da Riqa Dumasının sədri Nil Uşakov ilə görüşüblər. Riqa şəhərinin meri yerli özünüidarəetmə orqanlarının strukturu, onların fəaliyyətinin inzibati- hüquqi aspektləri barədə qonaqlara məlumat verib.

Azərbaycanda özünüidarəetmə orqanlarının fəaliyyətindən söz açan Regional məsələlər üzrə komitənin sədri Arif Rəhimzadə bu günə qədər məcburi köçkünlər üçün müasir infrastrukturlu 96 qəsəbənin tikilməsi barədə məlumat verib. Ağır şəraitdə yaşayan 49 min məcburi köçkün ailəsi bu qəsəbələrə köçürülüb.

N.Uşakov Azərbaycanın Latviyadakı səfirliyinin, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı Roman Əliyevin şəxsində diasporumuzun iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolunu diqqətə çatdırıb. Riqa meri xüsusi qeyd edib ki, R.Əliyevin başçılıq etdiyi Riqa Klassik Gimnaziyası 20 ildən çoxdur ki, ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir, habelə UNESCO-nun təhsil sahəsində beynəlxalq əməkdaşlıq üzrə Məktəblər Assosiasiyasının üzvü seçilib.

Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov səfirliyin və Latviyadakı Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirdiyinə, habelə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi yürüşə dəstək göstərdiyinə görə Riqa meriyasına təşəkkür edib.

N.Uşakov XV Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” Sərgisində iştirak etmək üçün gələn ay Azərbaycana səfərinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Martın 10-da Milli Məclisin deputatları Latviya Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində olublar. Latviya nazirinin müşaviri Yanis Eqlitsin iştirak etdiyi görüşdə “Regional inkişaf siyasəti, Latviyanın təcrübəsi” mövzusunda təqdimat olub. Dövlətin yerli özünüidarəetmə orqanlarına nəzarətinə dair fikir mübadiləsi aparılıb.

Latviya tərəfi bu sahədə Azərbaycanın müvafiq dövlət orqanı ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

Riqa Dumasının Əmlak Departamentində keçirilən görüşdə direktor Oleq Burov Azərbaycana səfərini səmimiyyətlə xatırlayıb. Görüşdə mühüm hadisələr ərəfəsində həm Bakıda, həm də Riqada reklam xarakterli sərgilərin müntəzəm keçirilməsi təklifi irəli sürülüb. O.Burov Bakıda qarşıdan gələn möhtəşəm idman hadisəsinin - “Formula-1” Avropa Qran-pri yarışlarının Latviyada təbliğatını dəstəkləməyə hazır olduğunu bildirib. Departamentin direktoru Riqa bələdiyyəsinin Bakının Suraxanı rayonu, habelə Gəncə şəhəri ilə fəal əməkdaşlıq etdiyini bildirib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Latviyaya səfər çərçivəsində martın 11-də Yelqava şəhərində Operativ İnformasiya Özünüidarəetmə Mərkəzinə, “Fortum” biokütlələrin kogenerasiyası stansiyasına gedəcəklər.

növbəti xəbər əvvəlki xəbər