2016-03-25
Latviyada türk əsgərinin xatirəsi anılıb

Martın 18-də Latviyanın Tsesis şəhərində türk əsgərinin məzarına əklil qoyulması mərasimi keçirilib. Çanaqqala döyüşünün 101-ci ildönümünə həsr olunmuş tədbir Latviya Müdafiə Nazirliyi və Türkiyənin bu ölkədəki səfirliyi tərəfindən təşkil olunub.

Mərasimdə Müdafiə Nazirliyi, Silahlı Qüvvələr, Latviya Xarici İşlər Nazirliyi, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə dövlət xadimləri iştirak ediblər. Türk əsgərilərinin xatirəsini yad edənlər arasında Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov da olub.

Xatirə tədbirində Türkiyənin Latviyadakı səfiri Hayri Heyrət Yalav bildirib ki, 1877-1878-ci ilin rus-türk müharibəsindən sonra Tsesisə 100 türk əsgəri sürgün edilib. Onlar Plevna yaxınlığında rus ordusuna əsir düşüblər. 25 türk hərbi əsiri vəfat edib və türk qəbiristanlığında dəfn olunublar. Səfir qeyd edib ki, türk əsgərinə ilk abidəni şəhər rəhbərliyi 1880-ci ildə qoyub. 1937-ci ildə Türkiyənin Estoniyadakı səfirliyinin maddi dəstəyi ilə qəbiristanlığın və abidənin bərpası işləri aparılıb. Abidənin müəllifi Karlis Dzirkalnsdır.

növbəti xəbər əvvəlki xəbər