2016-03-25
Riqada Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub

Riqada Novruz bayramı münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, ölkəmizin Latviyadakı səfirliyinin əməkdaşları, Latviya cəmiyyətinin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev həmvətənlərimizi təbrik edərək bildirib ki, Novruz təbiətin oyanması, həyatın dirçəlməsi, bolluq, bərəkət və təravət rəmzidir. O, bu şad gündə hamıya firavanlıq, sülhə və inkişafa səsləyən bütün niyyətlərin həyata keçməsini arzu edib.

“Azəri” Cəmiyyətinin sədri Ulduzxan Əhmədov Novruz bayramının qaynaqlarından və ənənələrindən danışaraq bildirib ki, yaz gecə-gündüz bərabərliyinin, təbiətinin yenilənməsinin rəmzi olan Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir.

Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov şənliyə toplaşanları Novruz bayramı, habelə qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edərək deyib ki, UNESCO 2009-cu il sentyabrın 30-da Novruzu Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edib.

Riqa Dumasının nümayəndəsi Oleq Burov hamını Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Latviyadakı Azərbaycan diasporu cəmiyyətin bütün sahələrində fəal iştirak edir.

Sonra Latviyada təhsil alan azərbaycanlı tələbələr Noruzun tarixindən danışaraq, bu bayrama həsr olunmuş şeirlər oxuyublar. Bayram tədbirində Azərbaycan mahnıları səslənib, milli rəqslər ifa olunub.

növbəti xəbər əvvəlki xəbər