2016-04-05
Latviyadakı azərbaycanlılar Azərbaycanın dövlət başçısının siyasətini bütünlüklə dəstəkləyirlər

Aprelin 4-də Latviyadakı Azərbaycan səfirliyində Azərbaycan diasporu nümayəndələri ilə görüş keçirilib. Tədbir Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələrə həsr olunub.

Əvvəlcə görüş iştirakçıları həlak olmuş Azərbaycan döyüşçülərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov iştirakçıların diqqətinə çatdırıb ki, aprelin 2-də cəbhə xəttində gərgin döyüşlər baş verib. Azərbaycanın bütün cəbhə boyu yaşayış məntəqələri erməni hərbi birləşmələrinin intensiv atəşinə məruz qalıb. Azərbaycanın Silahlı Qüvvələri ölkənin beynəlxalq səviyyədə tanınan sərhədlərinin daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və onun təcavüzkar hərəkətlərinin qarşısının alınması məqsədi ilə zəruri addımlar atıb. Diplomat deyib ki, Azərbaycanın atəşin birtərəfli qaydada dayandırması haqqında bəyanatına baxmayaraq, erməni tərəfi təxribat hərəkətlərini davam etdirir.

G.Muradov şəhid olmuş hərbi qulluqçuların doğmalarına və yaxınlarına başsağlığı verib.

Diplomat Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi haqqında da məlumat verib. O qeyd edib ki, Azərbaycan dövlətinin başçısı ölkənin silahlı qüvvələrinin erməni təcavüzkarlarına qətiyyətli cavab verməsinə öz münasibətini bildirib. G.Muradov Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitat gətirib: “Erməni təxribatı Azərbaycan ordusu tərəfindən layiqli cavabını alıb. Ermənistanın əsas məqsədi status-kvonu dəyişməz saxlamaqdır. Status-kvonun dəyişməsi o deməkdir ki, işğalçılar işğal edilmiş ərazilərdən çıxmalıdır”.

“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev, “Azəri“ Cəmiyyətinin sədri Ulduzxan Əhmədov, Azərbaycan icmasının ağsaqqalı Adıgözəl Məmmədov Azərbaycan Prezidentinin, Ali Baş Komandanın Azərbaycan xalqının maraqlarının müdafiəsinə və ölkənin ərazi bütövlüyünün bərpasına yönəlmiş siyasətini dəstəklədiklərini bildiriblər. Diaspor təmsilçiləri vurğulayıblar ki, bu gün sıx birləşmək və vətənpərvərlik nümayiş etdirmək vacibdir. Görüş iştirakçıları erməni qəsbkarlarının cinayətkar əməllərini pisləyib və Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.

növbəti xəbər əvvəlki xəbər

bakushop