2016-04-11
Latviya vətəndaşları üçün Azərbaycan dili kursları təşkil olunur.

Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin dəstəyi ilə Riqa şəhərində fəaliyyət göstərən "Ocaq" cəmiyyətinin rəhbəri, Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı, Latviyanın ən böyük orta məktəbi olan (1480 şagird) Riqa Klassik Gimnaziyasının müdiri və eyni zamanda Latviya Respublikası Prezidenti yanında Milli Azlıqlar üzrə Komitənin sədri Roman Əliyev tərəfindən 2007ci ildən etibarən Latviyanın Azərbaycan diasporu üzvləri, eləcədə Latviya vətəndaşları üçün Azərbaycan dili kursları təşkil olunur.

Cari ilin 7 aprel tarixində Səfirliyin müvəqqəti işlər vəkili Gəray Muradov “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dili və Ədəbiyyatı üzrə dərslikləri, habelə Azərbaycan mədəniyyəti və tarixinə, Dağlıq Qarabağa aid nəşrləri Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim etmişdir.

Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, habelə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixindən bəhs edən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” adlı kitabı da Mərkəzə təqdim olunmuşdur.

Mərkəzin əslən həm Azərbaycanlı həm də digər millətlərdən olan Latviyalı azyaşlı qrup üzvləri qarşısında çıxış edən G.Muradov Azərbaycan haqda məlumat vermiş, ölkəmizin tarixindən və mədəniyyətindən danışmışdır. O, şagirdlərə Azərbaycan dilinə və mədəniyyətinə yüksək maraq göstərdiklərinə görə təşəkkürünü bildirmişdir.

R.Əliyev öz növbəsində G.Muradova təhsil materialları üçün və Səfirlik tərəfindən daim göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər