2016-05-10
Faşizm üzərində Qələbənin 71-ci ildönümü Latviyada da qeyd olunub

Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü Latviyada da qeyd edilir. Bu günlərdə ölkədə Riqa meri Nil Uşakov, Rusiyanın Latviyadakı səfiri Aleksandr Veşnyakov, Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus səfirliklərinin nümayəndələri, Riqa Şəhər Şurası və Latviya Seyminin bir sıra deputatları, beynəlxalq və ictimai təşkilatların təmsilçilərinin iştirakı ilə xatirə tədbirləri keçirilir.

Bayram şənlikləri xilaskar əsgərlərin abidəsi önünə əklillərin qoyulması ilə başlayıb. Artıq səkkiz ildir ki, burada Qələbə Gününün qeyd edilməsinin təşkilatçısı Latviyanın “9maya.lv” ictimai birliyidir. Xilaskar əsgərlər abidəsi ətrafında bayram konsert-marafonu ənənəyə uyğun olaraq mayın 8-də başlayıb. Belə ki, nasizmin darmadağın edilməsi və II Dünya müharibəsi qurbanlarının xatirəsinin yad edilməsi Latviyada rəsmən məhz bu tarixdə qeyd olunur.

Riqadakı Dom Kafedral Kilsəsində Prezident Raymonds Veyonis, Baş nazir Maris Kuçinskis, Seymin spikeri İnara Murnietse, xarici işlər naziri Edqars Rinkeviçs, Riqa meri Nil Uşakov, eləcə də ictimai təşkilatların, xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirakı ilə İkinci Dünya müharibəsində həlak olanların xatirəsi şərəfinə equmenik dini ayin icra olunub.

9 May münasibətilə bütün tədbirlərdə Azərbaycan səfirliyinin müşaviri Gəray Muradov, səfirliyin əməkdaşları iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər