2016-05-11
Latviyadakı soydaşlarımız ölkəmizə 4 təcili yardım maşını hədiyyə ediblər

“Sanitar avtonəqliyyatın Riqa avtobazası” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri, Latviyada Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov və səhmdar cəmiyyətin texniki direktoru Eldəniz Məmmədov Azərbaycan səfirliyinin təşkilati dəstəyi ilə ölkəmizə 4 təcili yardım maşını hədiyyə ediblər.

Bu münasibətlə keçirilən rəsmi mərasimdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, səfirliyin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Eldəniz Məmmədov bildirib ki, o, bu hədiyyəni xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında böyük rol oynamış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edib. Təcili yardım maşınları Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində zərər çəkmiş mülki əhaliyə yardım məqsədilə verilir.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov təmənnasız humanitar yardıma və vətənpərvərliyə görə diasporun ağsaqqalı Adıgözəl Məmmədova və Eldəniz Məmmədova Azərbaycan Respublikası hökumətinin adından təşəkkür edərək bildirib ki, bu addım diaspor təşkilatlarının çoxu üçün örnək olmalıdır.

Təcili yardım maşınlarının üçü Azərbaycan Müdafiə Nazirliyinin, biri Fövqəladə Hallar Nazirliyinin sərəncamına veriləcək.

növbəti xəbər əvvəlki xəbər