2016-05-18
Latviya Seyminin spikeri:Azərbaycan Cənubi Qafqazda mühüm tərəfdaşdır

Latviya Seymində spiker İnara Murniyetse Azərbaycanın latviyadakı səfiri Cavanşir Axundovla görüşüb. Görüşdə Seymin spikeri qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Latviyanın mühüm tərəfdaşıdır. İki dövlət arasında konstruktiv siyasi dialoq tənzimlənib, belə bir dialoqu parlament səviyyəsində də inkişaf etdirmək lazımdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Cavanşir Axundov ticari-iqtisadi sahədə əlaqələri dərinləşdirməyin və genişləndirməyin, işgüzar əlaqələrin daha da fəallaşdırılmasının və qarşılıqlı fəaliyyətin səmərəli formalarının axtarılıb tapılmasının zəruriliyini vurğulayıb.

Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişməz mövqe tutduğuna görə Latviya hökumətinə təşəkkürünü bildirib. O, Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilmiş görüşləri barədə məlumat verib.

İ.Murniyetse vurğulayıb ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləməsinin tərəfdarıdır.

Spiker İ.Murniyetse bildirib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycanın Riqada investisiya layihələrinin həyata keçirilməsinə cəlb edilməsi Latviyanın maraqlarına uyğundur. Yeyinti sənayesi, kənd təsərrüfatı, kimya və maşınqayırma sahələrində əməkdaşlığın perspektivləri qeyd edilib.

İnara Murniyetse Azərbaycan gənclərinin Latviyada təhsil almasından məmnun olduğunu bildirib. Keçən dərs ilində bu ölkənin ali məktəblərində Azərbaycandan olan 143 tələbə təhsil alıb. Səfir C.Axundov deyib ki, latviyalı tələbələr “şərqşünaslıq” ixtisası üzrə təhsillərini Azərbaycanda davam etdirə bilərlər. Bundan əlavə, onlar təkcə ölkəmizdə deyil, bütün regionda ən yaxşı ali məktəblərdən biri olan Azərbaycan Diplomatik Akademiyasında diplomatiya və beynəlxalq münasibətlər ixtisasları üzrə də təhsillərini davam etdirə bilıərlər.

Latviya Seyminin spikeri İnara Murniyetse “Azəri” cəmiyyətinin Latviyanın sosial, mədəni və iqtisadi həyatında fəal iştirakını xüsusi qeyd edib.

Seymin spikeri Transanadolu və Transadriatik Boru kəmərlərinin tikintisi mərhələləri ilə maraqlanıb. Səfir C. Axundov bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq bu qaz kəmərlərinin tikintisi ilə bağlı işlər cədvəli qabaqlamaqla həyata keçirilir.

növbəti xəbər əvvəlki xəbər