2016-05-25
Azərbaycan və Latviya bələdiyyə assosiasiyaları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələsi müzakirə edilib

Azərbaycanın və Latviyanın yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, bələdiyyə assosiasiyalarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramovun mayın 24-də Latviyanın Yerli Hakimiyyətlər İttifaqının sədri Andris Yaunsleyns ilə görüşündə aparılıb.

Həmin gün Milli Məclisin deputatı K.Bayramov və Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviya parlamenti sədrinin müavini Qundars Daudze ilə görüşüb. Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun salamları, Latviya Seyminin sədri İnara Murnietseyə ölkəmizə səfərlə bağlı ünvanladığı dəvət məktubu qarşı tərəfə təqdim edilib.

Söhbət zamanı Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin perspektivləri, ölkələrimizin iqtisadi əməkdaşlığının potensialı müzakirə edilib. Parlament sədrinin müavininə Dağlıq Qarabağda təmas xəttindəki son vəziyyət barədə ətraflı məlumat verilib. Bütün region üçün təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyi qeyd edilib.

Milli Məclisin deputatı, həmçinin Litva Seyminin deputatları, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xosams Abumeri və müavini Romans Naudinş ilə işçi görüş keçirib. Görüş zamanı hər iki parlamentin dostluq qruplarının qarşılıqlı fəaliyyəti müzakirə olunub, Milli Məclis və Seym arasında əlaqələrin fəallaşdığı vurğulanıb.

növbəti xəbər əvvəlki xəbər

bakushop