2016-06-16
Riqada Azərbaycan-Latviya hökumətlərarası komissiyasının VI iclası keçirilib

İyunun 15-də Riqada iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının VI iclası keçirilib.

İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun və Latviyanın nəqliyyat naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyətləri, eləcə də Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov, Latviyanın respublikamızda səfiri Yuri Maklakov və media nümayəndələri iştirak ediblər.

Komissiyanın gündəliyinə iki ölkə arasında nəqliyyat, iqtisadiyyat, informasiya texnologiyaları və kommunikasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və regional inkişaf, təhsil, elm, turizm, səhiyyə, bank sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

Görüşdə nəqliyyat naziri Uldis Augulis bildirib ki, Azərbaycan Latviyanın mühüm iqtisadi tərəfdaşıdır. Prioritet sahələr ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələri, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, təhsil, kənd təsərrüfatı, tikinti, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edir. Nazir bildirib ki, Latviya Azərbaycana ekoloji cəhətdən təmiz texnologiyalar, qida sənayesi, əczaçılıq, sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edir.

U.Augulis vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda tranzit və logistika sahəsində Latviyanın mühüm tərəfdaşıdır. Latviya mühüm nəqliyyat qovşağı, habelə yeni İpək Yolu və Şimal-Cənub nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Nazir deyib: “Biz rəqib deyilik, tərəfdaşıq və qlobal tranzit marşrutları xəritəsində ümumi maraqlarımızı qoruyuruq”.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki, ölkələrimiz arasında əlaqələr daha da genişlənir. Avropa İttifaqının üzvü olan Latviya ilə əməkdaşlıq respublikamız üçün çox əhəmiyyətlidir. Nazir son illərdə ölkələrimiz arasında əlaqələrin çoxşaxəli dərinləşməsini məmnunluqla qeyd edib. Z.Məmmədov bildirib ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradır, Latviyanın dövlət və özəl təşkilatları ilə əməkdaşlıq üçün geniş imkanlar açır.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar dəyişməz mövqeyinə və Xocalı soyqırımı ilə bağlı Seymin qəbul etdiyi bəyanata görə Latviya hökumətinə təşəkkür edib.

Latviyanın Azərbaycandakı səfiri Yuri Maklakov bildirib ki, bu il Latviya hökuməti üzvlərinin Azərbaycana bir neçə rəsmi səfəri olacaq. Bu səfərlər Azərbaycan ilə Latviya arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2015-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsinin 9 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda ticarət, sənaye, tikinti, bank və xidmətlər kimi sahələrdə Latviya kapitalı ilə 20 şirkət fəaliyyət göstərir.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanıb. Sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda istehsal edilən mal və xidmətlərin Latviya bazarlarına idxalı, ixracı və satışı, eləcə də bu ərazilərdə Latviya şirkətlərinin hər hansı iqtisadi fəaliyyətinin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsasən qeyri-qanuni olduğu vurğulanır. Yekun protokolda, həmçinin qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsullar Azərbaycanın müvafiq strukturlarının sertifikatı olmadan Latviyaya buraxılmayacaq. Bununla yanaşı, sənəddə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə əsaslandığı ifadə olunub.



növbəti xəbər əvvəlki xəbər