2017-01-20
Yanvar faciəsi qurbanlarının xatirəsi Riqada yad edilib

Yanvarın 19-da Azərbaycanın Latviyadakı səfirliyində 20 Yanvar qurbanlarının nurlu xatirəsi ehtiramla yad edilib. “20 Yanvar: Bakıda faciə” mövzusunda “dəyirmi masa”da Latviya Seyminin nümayəndələri Roman Naudinş, Aleksandr Kristein, Karlis Kreslins, Latviyanın müstəqilliyi uğrunda mübarizədə Latviya ictimaiyyətinin veteranları Aleksandr Mirlin və Vladimir Steşenko, Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere, beynəlxalq mövzularda yazan jurnalist Vladimir Reşetov, Azərbaycan diasporunun üzvləri Roman Əliyev, Ulduzxan Əhmədov və Rafiq Seyfullayev iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yas ediblər. Sonra “20 Yanvar 1990-cı il. Bakıda dinc əhalinin kütləvi qırğını” adlı sənədli film nümayiş etdirilib.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov deyib ki, 20 Yanvar 1990-cı il günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi olub. Səfir qeyd edib ki, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin qəhrəmanlığı xalqımızın siyasi iradəsini möhkəmləndirib. Ölkəmizin suverenliyinə nail olmaq naminə başlanmış azadlıq hərəkatı Azərbaycanın müstəqilliyinə gətirib çıxarıb. Diqqətə çatdırılıb ki, bu faciəli hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verən ümummilli lider Heydər Əliyev olub.

Tədbirdə çıxış edənlər Bakıda baş vermiş yanvar hadisələrinə münasibət bildiriblər. Qeyd edilib ki, Bakıda yanvar hadisələri düz bir il sonra - 1991-ci il yanvarın 20-də baş vermiş hadisələrin Latviyada daha qanlı nəticələrinin qarşısını alıb.

“Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyev öz çıxışında qeyd edib ki, 20 Yanvar tarixi hər bir azərbaycanlının yaddaşında həmişəlik qalacaq. SSRİ rəhbərliyinin tapşırığı ilə törədilmiş dəhşətli cinayət, insanların qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə, xalq bu yolda daha sıx birləşdi. Ulu Öndərin siyasi xəttini əzmlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsinə dərin ehtiram göstərir.

növbəti xəbər əvvəlki xəbər

bakushop