2017-04-18
Dünya şöhrətli sənətkar Gidon Kremerin yubileyi

Aprelin 3-də Riqanın  Böyük Gildiya zalında  dünya şöhrətli musiqiçi Gidon Kremerin 70 illik və onun yaratdığı “Kremerata Baltica”  kamera orkestrinin 20 illik yubileylərinə həsr olunmuş  musiqi gecəsi  keçirilmişdir. G.Kremer (1947, Riqa) musiqi aləmində böyük nüfuza malik violinçalandır. O, bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş,  100-dən artıq albom yazdırmışdır.  “Grammy”, “Liberty”, Yaponiya İmperatorunun mükafatı  və s. mükafatların sahibi olan Kremer İsveçrə, Avstriya, Latviyada keçirilən musiqi festivallarının bədii rəhbəridir.

Sənətkarı Azərbaycan musiqi mədəniyyəti ilə sıx tellər birləşdirir. Onun hələ ötən əsrin 70-ci illərində   Bakıdakı qastrol səfərləri  böyük uğurla  keçmiş, dinləyici rəğbətini qazanmışdır. G.Kremer Qara Qarayevin  Violin və orkestr üçün Konsertinin ən mahir təfsirçilərindən biri sayılır. 2011-ci ildə Kremer bu  Konserti Londonun məşhur  musiqi  meydançası - Cadogan Hall-da  London Filarmonik Kral orkestri (Royal Philarmonic Orchestra)  ilə birlikdə ifa etmişdir.

Riqadakı  konsertdən sonra Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov musiqiçini yubiley münasibətilə səmimi  qəlbdən təbrik etmişdir. Kremer və konsertin digər solisti – xalq artisti, görkəmli musiqiçi Tatyana Qrindenko Azərbaycan sənəti ilə bağlı təəssüratlarını  bölüşmüş,  Bakıda  hər zaman çıxış etməkdən məmnun olduqlarını söyləmişlər.

 Səfir C.Axundov  G.Kremer və “Kremerata Baltica”nın  Bakıda həmişə  gözlənilən qonaq olduğunu vurğulamışdır.

Böyük uğurla keçən yubiley gecəsində Latviya Respublikasının Prezidenti cənab Raymond Veyonis,  Latviyanın Mədəniyyət naziri Datse Melbarde, dövlət rəsmiləri,   Latviyada akkreditə edilmiş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər