2017-04-20
Y.Vitol adına Latviya Musiqi Akademiyasında görüş

       Aprelin 20-də  Azərbaycanın Latviya Respublikasındakı səfiri Cavanşir Axundov  Yazep Vitol adına Latviya Musiqi Akademiyasında bu şöhrətli təhsil ocağının rektoru  professor Artis Simanis və prorektor  Mayya Sipola ilə görüşmüşdür.

      Görüş əsnasında  Azərbaycan ilə Latviya   arasında münasibətlərin  müxtəlif istiqamətlər üzrə  uğurla inkişaf etdiyi nəzərə çatdırılmışdır. Ölkələr arasında mədəniyyət sahəsində əlaqələrin də genişləndirilməsi zəruriyyətindən danışılmışdır.    Latviya Musiqi Akadeiyası və Azərbaycanın ali musiqi təhsil ocaqları – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Milli Konservatoriya ilə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.  Belə ki,  iki ölkənin təhsil ocaqları arasında tələbə mübadiləsinin, Latviya və Azərbaycanda müxtəlif görkəmli sənətkarların yubiley tədbirlərinin keçirilməsi,   hər iki ölkədə keçirilən beynəlxalq müsabiqələr və festivallara gənc ifaçıların qatılmasının vacibliyi vurğulanmışdır.

     Görüşün sonunda səfir C.Axundov Heydər Əliyev fondunun çeşidli nəşrlərini, o cümlədən  muğam, simfonik musiqi  ilə bağlı materialları, habelə “Qarabağ xanəndələri” disklər dəstini  Latviya Musiqi Akademiyasının rəhbərliyinə hədiyyə etmişdir.   Öz  növbəsində  A.Simanis Latviya Musiqi Akademiyasının bir sıra nəşrlərini C.Axundova təqdim etmiş, görüşün iki ölkənin musiqi təhsili sahəsində əlaqələrinin inkişafına təkan olacağına  ümid bəslədiyini bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər