2017-04-27
Azərbaycan ilə Latviya arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib

Aprelin 26-da Riqada Latviyanın mədəniyyət naziri Datse Melbarde ilə Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovun görüşü olub.

Görüşdə Azərbaycan səfiri Latviyanın yüksək səviyyəli nümayəndə heyətlərinin bu yaxınlarda Azərbaycana səfərləri barədə məlumat verərək qeyd edib ki, bu ölkənin iki sabiq prezidenti - Vayra Vike-Freyberqa və Valdis Zatlers, habelə ölkənin indiki Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda iştirak ediblər.

C.Axundov onu da bildirib ki, səfirlik Latviyada Azərbaycanın mədəni irsinin və turizm potensialının təqdimatı üzrə tədbirlər keçirməyi planlaşdırır.

D.Melbarde mədəni mübadilənin fəallaşmasının, Latviya ilə Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, ölkələrimizdə keçirilən festivallarda və bayram şənliklərində bədii kollektivlərin iştirakı da Latviya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

Nazir Azərbaycan tərəfini 2018-ci ildə Latviyanın 100 illiyinin bayram edilməsi çərçivəsində keçiriləcək “Baltika“ festivalına dəvət edib.

Azərbaycan səfiri Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə məlumat verib. O, ölkəmizdə təşkil edilən mədəni tədbirlərdə Latviya kollektivlərinin daha geniş təmsil olunması arzusunu bildirib.

Latviyalı nazir görüşün sonunda qeyd edib ki, Azərbaycana gəlmək, onun qədim mədəni irsi ilə tanış olmaqla bərabər, müasir örnəklərini, o cümlədən Zaha Hadidin dünya şöhrətli memarlıq əsərini – Heydər Əliyev Mərkəzinin binasını görmək istərdi.

növbəti xəbər əvvəlki xəbər

bakushop