2017-05-11
Azərbaycan Avropa Günündə öz stendi ilə təmsil olunub

Mayın 9-da Latviya Xarici İşlər Nazirliyində Avropa Gününə həsr olunmuş “Açıq qapı günü” keçirilib. Avropa Günü Avropa İttifaqı ölkələrində hər il qeyd olunan sülh və bərabərlik bayramıdır. Bu bayram, eyni zamanda, “Şuman Bəyannaməsi Günü” kimi tanınır.

Tədbirdə Avropa İttifaqı və Şərq tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycan, Macarıstan, Almaniya, Gürcüstan, Danimarka, İtaliya, Litva, Niderland, Polşa, Ukrayna, Finlandiya və Estoniyanın nümayəndələri iştirak ediblər. Azərbaycanı ölkəmizin Latviyadakı səfirliyi təmsil edib.

Latviya Xarici İşlər Nazirliyində ölkəmizə təhlükəsiz səyahətdən, onun turizm imkanlarından, xalqımızın adət-ənənələrindən, mədəniyyətindən söz açan Azərbaycan stendi quraşdırılıb.

Latviya XİN-in parlament katibi Zanda Kalninya-Lukaşevitsa Avropa İttifaqının (Aİ) yaranması tarixindən söz açaraq, Aİ-nin gələcəyini birgə qurmaq müraciəti ilə çıxış edib. O deyib: “Sülhün və azadlığın dəstəklənməsi təşəbbüsü kimi başlayan Avropa İttifaqı hazırda sabitliyin və firavanlığın möhkəmlənməsi üzrə layihəyə çevrilib. Biz Avropa İttifaqını birlikdə möhkəmləndirməli, eyni zamanda, yeni imkanları inkişaf etdirməliyik”.

növbəti xəbər əvvəlki xəbər