2017-05-30
Latviyada 28 May – Respublika Günü qeyd edilib

Azərbaycanın Latviyadakı səfirliyi 28 May – Respublika günü münasibətilə Latviya paytaxtında təntənəli qəbul təşkil edib.

Qəbulda Latviya Seymin spikeri İnara Murniyetse, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Latviyanın yüksək vəzifəli rəsmi şəxsləri, Seymin deputatları, Latviya XİN-in əməkdaşları, Azərbaycan parlament nümayəndə heyətinin üzvləri, Latviyanın sabiq prezidenti Valdis Zatlers, bu ölkədə akkreditə edilmiş diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Ümumlatviya Mahnı və Rəqs Bayramının baş dirijoru Xarald Bardzinşin rəhbərliyi ilə orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səslənib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov çıxış edib. Səfir tədbir iştirakçılarını Azərbaycanın dövlət bayramı- Respublika Günü münasibəti ilə təbrik edib və çıxış üçün Azərbaycan parlamentinin sədri Oqtay Əsədova söz verib.

Oqtay Əsədov müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın demokratik ənənələrinin əsasını qoyub, milliyyətindən, siyasi mövqeyindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edib. Spiker diqqətə çatdırıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib. Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkəmiz Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktları ilə üzləşib.

Spiker Azərbaycan dövlətinin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq xatırladıb ki, ATƏT-in Minsk qrupu bu münaqişənin tənzimlənməsi üçün yaradılıb. Lakin təəssüf ki, bu qurumun fəaliyyəti gözlənilən nəticələri verməyib. Oqtay Əsədov vurğulayıb ki, heç şübhəsiz, Azərbaycan istənilən yolla bu problemi həll edəcək, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə nail olacaq.

Azərbaycan Parlamentinin sədri qeyd edib ki, bu gün beynəlxalq arenada nüfuzlu bir dövlət olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkəmiz Avropa ölkələri ilə, o cümlədən Latviya ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir.

Latviya seyminin spikeri İnara Murniyetse öz adından və Latviya xalqı adından tədbir iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99 illiyi münasibəti ilə təbrik edib. İ.Murniyetse vurğulayıb ki, bu gün Latviya və Azərbaycan qürurla deyə bilər: “Biz müstəqil və azad dövlətlərik!”.

Latviya spikeri vurğulayıb ki, onun ölkəsi Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

İ.Murniyetse qeyd edib ki, Azərbaycan ilə Latviyanı möhkəm dostluq telləri bağlayır. İki ölkə arasında fəal siyasi dialoq aparılır. Latviya Azərbaycan ilə Avropa İttifaqı arasında inkişaf etməkdə olan əlaqələri alqışlayır.

İ.Murniyetse xatırladıb ki, gələn il hər iki ölkə öz müstəqilliyinin 100 illiyini qeyd edəcək. Seymin spikeri vurğulaylıb ki, Vətənə məhəbbət hissi bizə öz dövlətçiliyimizi qoruyub saxlamaq üçün güc verir.

Bayram tədbirində orkestr Üzeyir Hacıbəyinin, Fikrət Əmirovun, habelə latış və Avropa bəstəkarlarının əsərlərindən ibrət konsert proqramı ilə çıxış edib.

Riqa Klassik Gimnaziyası nəzdində Bazar günü Azərbaycan məktəbinin şagirdləri Azərbaycan haqqında ana dilində şeirlər oxuyublar.

Qonaqlar Azərbaycan milli mətbəxinin ləziz nümunələrini dadıblar.

növbəti xəbər əvvəlki xəbər