2017-06-21
Latviya tranzit sahəsində Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır

Latviyanın rabitə naziri Uldis Auqulis Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüş zamanı ölkələrimizin tranzit sahəsində əməkdaşlığının möhkəmləndirilməsi imkanlarını müzakirə edib.

U.Auqulis qeyd edib ki, Latviya üç mühüm istiqamətdə - Avrasiya nəqliyyat dəhlizinin inkişafı, aviasiya və rabitə sahələrində Azərbaycan ilə əməkdaşlığı möhkənləndirmək üçün potensial görür.

Latviya son illərdə Avrasiya dəmir yolu daşımalarının inkişafında fəal iştirak edib. Ötən il Latviyadan Çinə konteyner qatarı təşkil edilib, bu il isə Latviyadan Çinə daşımalar başlanıb.

Nazir deyib: “Hesab edirəm ki, biz dəmir yolu xətlərini inkişaf etdirərək, bu konteksdə Azərbaycan ilə əməkdaşlığımızı əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik, çünki həm “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, həm də Yeni İpək Yolunun tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya dəhlizi Azərbaycandan keçir. “Şimal-Cənub” dəhlizinin inkişafı isə İran, Hindistan və Baltik ölkələri arasında dəmir yolu nəqliyyatını nəzərdə tutur”.

U.Auqulis aviasiya sahəsində əməkdaşlıqdan danışarkən məmnunluq hissi ilə bildirib ki, Latviyanın “AirBaltic” aviaşirkəti yay mövsümündə həftədə iki dəfə Bakıya reyslər həyata keçirir. Latviya Azərbaycan ilə əməkdaşlığa, sərnişin və yükdaşımalarını artırmaq üçün yeni qərarlar və imkanlar axtarmağa hazırdır.

növbəti xəbər əvvəlki xəbər