2017-10-09
Latviya diplomatik klubunda Azərbaycanın iqtisadi inkişafı mövzusunda biznes-seminar keçirilib

Xarici investorları cəlb etmək və Azərbaycanın iqtisadi potensialını populyarlaşdırmaq məqsədi daşıyan tədbirdə Avropanın bir sıra ölkələrinin Latviya ilə ticari əməkdaşlıq üzrə nümayəndələri, iri şirkətlərin rəhbərləri, biznesmenlər, bank sektorunun rəhbər işçiləri və diplomatlar iştirak ediblər.

Tədbirin əvvəlində ölkəmizin iqtisadi, aqrar, turizm və digər sahələrdə mövcud potensialına və uğurlarına aid videoçarx nümayiş etdirilib.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov “Müasir mərhələdə Azərbaycanın iqtisadi inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycan dövlətçiliyinin tarixi, enerji sektorunun yaradılması və inkişafı, ölkəmizin iqtisadi potensialı və biznes mühiti barədə məlumat verib.

Səfir ölkəmizin iqtisadi uğurları barədə söhbət açaraq Azərbaycanın hərtərəfli inkişaf etməsini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın daha da tərəqqi etməsi üçün möhkəm təməl yaradılması ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi sayəsində mümkün olub. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə edilməsi faktı Ümummilli Liderin dərin iqtisadi islahatlar strategiyasında xüsusi yer tutur. Daxili və xarici təzyiqlərə baxmayaraq Ulu Öndərin bu strategiyasının həyata keçirilməsi, 1994-cü ilin sentyabrında 13 şirkəti birləşdirən beynəlxalq konsorsiumla Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsinə dair “Əsrin kontraktı”nın imzalanması yüksək siyasi əzmkarlığın və qətiyyətin təntənəsi olub.

C.Axundov diqqətə çatdırıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanın davamlı tərəqqisini təmin edən fəaliyyət xəttini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizin Prezidenti əsası ümummilli lider tərəfindən müəyyən edilmiş strategiyanı indiki mürəkkəb vəziyyətdə uğurla həyata keçirir, yeni dövrün ruhuna uyğun olaraq bu strategiyanı daha da zənginləşdirir.

Ötən dövr ərzində aqrosənaye kompleksində islahatların geniş miqyas almasını qeyd edən səfir deyib ki, ölkəmizdə güclü sahibkarlar sinfi formalaşıb. Bu gün Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin edən azsaylı ölkələrdən biridir.

Səfir Azərbaycan iqtisadiyyatının bütün sektorlarını icmal şəklində nəzərdən keçirərək ölkəmizdə yaradılmış texnoloji parklar, Azərbaycanın turizm imkanları, əcnəbi sərmayədarların fəaliyyəti üçün əlverişli mühit, habelə aqrar sektorun indiki vəziyyəti barədə söhbət açıb.

Qeyd olunub ki, bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişafı təmin edilir. Səfir qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun gücləndirilməsini prioritet vəzifə kimi elan etməklə bu sektorun kompleks şəkildə inkişafını daim diqqət mərkəzində saxlayır.

Səfirin çıxışı böyük maraqla qarşılanıb, latviyalı sahibkarlar Azərbaycanda biznes mühiti ilə bağlı çoxsaylı suallar verib.

növbəti xəbər əvvəlki xəbər

bakushop