2017-12-08
Azərbaycan Riqada 21-ci ənənəvi Milad yarmarkasında təmsil olunub

Dekabrın 2-də Riqa Dumasında Beynəlxalq Qadınlar Klubunun və 29 səfirliyin təşkilatçılığı ilə 21-ci ənənəvi Milad bazarı açılıb.

Xeyriyyə bazarında müxtəlif xalqların yeməkləri və içkiləri, Milad bayramına həsr olunmuş orijinal suvenirlər, əl işləri təqdim edilib.

Azərbaycanın Latviyadakı səfirliyi xeyriyyə tədbirində iştirak edib. Ən gəlimli-gedimli pavilyonlardan biri olan Azərbaycan pavilyonunda səfirliyin səyləri ilə milli mətbəximizin yeməkləri, habelə ölkəmiz haqqında kitablar, bukletlər təqdim olunub.

Yarmarkadan əldə olunan pullar xeyriyyə işlərinə yönəldiləcək. Riqada yaşayıb-işləyən əcnəbilər xeyriyyəçiliyə sanballı yardım göstərirlər. Ötən il təxminən 40 min avro toplanıb və Latviyanın 16 xeyriyyə təşkilatına, SOS Uşaq Kəndinə, “Uşaqlar üçün ümid” təşkilatına, Övladlığa Uşaq Götürən Ailələr Assosiasiyasına ianələr edilib.

Milad bazarı ənənəsini öz ailələri ilə birlikdə xarici səfirlər, habelə Latviyanın tanınmış rəsmi şəxsləri dəstəkləyirlər.

növbəti xəbər əvvəlki xəbər