2017-12-12
Riqada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib

Latviya Universitetinin Akademik kitabxanasında bu yaxınlarda yaradılmış Azərbaycan İnformasiya Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İnkişafın analogiyası: Azərbaycan və Latviya inkişaf yolunda” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Latviyanın sabiq prezidenti Valdis Zatlers, Seymin deputatları, Latviya ictimaiyyətinin, KİV-lərin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın turizm potensialı, mədəniyyət və tarixi abidələri barədə sənədli film nümayiş etdirilib.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov bildirib ki, dekabrın 12-si dünya miqyaslı dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin tarixinin ən dramatik dövründə ölkəyə rəhbərlik etmiş, onun nailiyyətlərinin və tərəqqisinin əsasını qoyan Heydər Əliyevin xatirə günüdür. C.Axundov qeyd edib ki, Azərbaycanın bugünkü dinamik inkişafı, rifahı Ümummilli Liderin başladığı və hazırda Prezident İlham Əliyevin bu günün çağırışları və reallıqları nəzərə alınmaqla, uğurla həyata keçirdiyi böyük işlərin nəticəsidir.

Latviya və Azərbaycanın inkişafında oxşar məqamları qeyd edən səfir nəzərə çatdırıb ki, ölkə müstəqillik qazandıqdan sonra Heydər Əliyev böyük ustalıqla siyasi və iqtisadi islahatları həyata keçirib. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyi ənənələrinin inkişafında, milli şüurun oyanmasında son dərəcə mühüm rol oynayıb.

Səfir nəzərə çatdırıb ki, dahi lider Azərbaycanın beynəlxalq enerji siyasətinin reallaşdırılmasını ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri sayırdı. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına nəqli nəinki beynəlxalq iqtisadi əməkdaşlığı inkişaf etdirib, həmçinin ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına şərait yaradıb.

C.Axundov vurğulayıb ki, Azərbaycan dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət yürüdür. Azərbaycanın xarici siyasətinin əsas xarakterik cəhətləri bu siyasətin şəffaflığı və proqnozlaşdırıla bilən olmasıdır. Azərbaycan bütün ölkələrlə qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli dostluq əlaqələrini inkişaf etdirərək, regionda və onun hüdudlarından kənarda dinc yanaşı yaşamanın, mehriban qonşuluğun dəstəklənməsində və möhkəmlənməsində çox maraqlıdır.

Səfir Latviya tərəfi ilə birlikdə mətbuatda Azərbaycanın müasir tarixi mövzusunda nəşrlər müsabiqəsinin təşkili təşəbbüsü ilə çıxış edərək, V.Zatlersə həmin müsabiqənin hamilərindən biri olmaq xahişi ilə müraciət edib.

Latviyanın sabiq prezidenti Valdis Zatlers iki dost xalq - Latviya və Azərbaycan xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini qeyd edib. V.Zatlers Latviyada Azərbaycan tarixi üzrə müsabiqə keçirilməsi ideyasını dəstəkləyib.

Latviya Seyminin deputatı Vitali Orlov qeyd edib ki, Azərbaycan mürəkkəb dövrdə regionun bütün ölkələri ilə etibarlı və mehriban qonşuluq münasibətləri qurmağa nail olmuş ölkələrdən biridir. Deputat Gürcüstanda seçkilərdə müşahidəçi kimi olarkən Tbilisinin mərkəzində Heydər Əliyevə ucaldılan abidəni görməsindən, bu abidənin blokada dövründə Gürcüstana kömək əli uzatmış insanın xatirəsinə ithaf olunması barədə ona izah verilməsindən danışıb.

“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev Latviyada Azərbaycan icmasının fəaliyyətindən, uşaqların və gənclərin tərbiyəsində Azərbaycanın milli mədəniyyətinə və tarixinə hörmət bəslənilməsinə böyük diqqət ayıran Mərkəzin işindən danışıb.

R.Əliyev qeyd edib ki, öz milli qəhrəmanlarımızı övladlarımıza tanıtmaq və onların xatirələrini anmaq çox vacibdir. Mərkəzin rəhbəri deyib: “Hər il dekabr ayında biz latış dostlarımızla bərabər toplaşaraq Azərbaycan dövlətçiliyinin bərpasında və qurulmasında dahi Heydər Əliyevin rolunu bir daha vurğulayırıq. Yadda saxlamalıyıq ki, vətənpərvərlik və öz xalqına, əcdadlarının vətəninə görə iftixar hissləri kökümüzü, mədəniyyətimizi, dilimizi qorumağa kömək edir”.

RR__8947

növbəti xəbər əvvəlki xəbər