2018-02-27
Latviyalılar Xocalı soyqırımı barədə məlumatlandırılıblar

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqa şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Avropa Komissiyasının Latviyadakı nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-konfrans mərkəzi - Avropa İttifaqı Evində (EU House) keçirilmiş tədbirdə ölkə ictimaiyyətinin tanınmış nümayəndələri və Latviyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və Xocalı soyqırımının təfərrüatlarından geniş bəhs edib. Xüsusi və ağlasığmaz qəddarlıqla törədilən bu təcavüz aktının Ermənistanın hərbi işğal və etnik təmizləmə siyasətinə xidmət etdiyini deyən səfir bu gün Xocalı şəhərinin yer üzündən silindiyini diqqətə çatdırıb.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən işlərdən söz açan səfir C.Axundov 2015-ci il fevralın 26-da Latviya Seymində də Xocalı soyqırımı ilə əlaqədar müvafiq bəyanatın qəbul edildiyini xatırladıb. Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu tərəfindən 53 deputatın imzası ilə qəbul edilən bəyanatda bu faciənin insanlıq əleyhinə cinayət olaraq tanındığını qeyd edən səfir nümayiş etdirilən həmrəyliyə görə Latviya xalqına dərin təşəkkürünü bildirib.

Avropa Parlamentində də Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Bəyanatın qəbul edildiyini diqqətə çatdıran səfir C.Axundov sənədin qəbul edilməsində göstərdiyi təşəbbüsə görə Avropa Parlamentinin Latviyadan olan deputatlarına dərin təşəkkürünü ifadə edib.

Sonra səfirliyin dəvəti ilə tədbirdə iştirak edən Xocalı soyqırımının canlı şahidi, litvalı hərbi jurnalist Riçardas Lapaytis çıxış edib. Xocalı şəhərində törədilmiş vəhşiliklərdən danışan Riçard Lapaytis əsasən yaşlı, qadın və uşaqların tarixdə misli görünməmiş bir işgəncə və qəddarlıqla öldürülməsindən bəhs edib. Bu cinayətin əsas iştirakçılarının bu gün Ermənistanda yüksək vəzifələr tutduğunu qeyd edən jurnalist, onların hələ də məsuliyyətə cəlb olunmadığını və yalnız öz vicdanları qarşısında məsuliyyət daşıdıqlarını söyləyib. Bu şəxslərin bir zaman beynəlxalq məhkəmə qarşısında cavab verəcəyinə ümidvar olduğunu qeyd edən Riçard Lapaytis həmin gün bir hərbi jurnalist olaraq bütün fakt və sübutlarla şahidlik etməyə hazır olduğunu bildirib. Heç zaman susmayacağını qeyd edən jurnalist belə məsələlərdə sakit dayanmağın cinayətkarların dəstəklənməsinə bərabər olduğunu diqqətə çatdırıb.

Tədbirdə Xocalı soyqırımından bəhs edən “Sonsuz Dəhliz” sənədli filmi nümayiş etdirilib. Riçardas Lapaytisin işıqlandırdığı faktlar – çoxsaylı video və foto materiallar əsasında çəkilən filmdə erməni silahlı qüvvələri tərəfindən Xocalıda insanlıq əleyhinə törədilmiş hərbi cinayətlərdən geniş bəhs olunub.

Sonra “Ocaq” Azərbaycan diaspor cəmiyyətinin sədri Roman Əliyevin təşkilatçılığı ilə cəmiyyətin nümayəndəsi - həmvətənlimiz Günay Əliyevanın sözlərinə yazılmış “Xocalı oratoriyası” səsləndirilib. Latviyalı bəstəkar M.Brauns tərəfindən bəstələnmiş və Roman Əliyevin rəhbərlik etdiyi Riqa Klassik Gimnaziyasının tələbələrinin ifasında Azərbaycan dilində səslənmiş bu musiqi parçası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Müsahibəsində Xocalı qətliamının böyük bir fəlakət olduğunu qeyd edən Latviya-Azərbaycan parlament dostluq qrupunun sədri Xosam Abu Meri dəfələrlə Azərbaycana gəldiyini və hadisələrin təfərrüatları ilə yaxından tanış olduğunu söyləyib. Faciə ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edən deputat hələ 3 il bundan əvvəl - 2015-ci il fevralın 26-da Latviya Seymində Xocalı qətliamını qınayan müvafiq bəyanatın qəbul edildiyini xatırladıb. O, bu sənəddə Azərbaycan ərazilərinin işğalına son qoyulması və münaqişənin sülh yolu ilə həll edilməsinə çağırış olunduğunu diqqətə çatdırıb.

X X X

Latviyada yaşayan Azərbaycan diasporunun üzvləri də Xocalı soyqırımı ilə əlaqədar tədbir keçiriblər. Səfirliyin təşkilati dəstəyi ilə Latviya Universitetinin Akademik Kitabxanasında keçirilən tədbirdə Latviya ictimaiyyəti, Azərbaycan və digər ölkələrdən olan milli icmaların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Cavanşir Axundov 1992-ci il fevralın 25-dən 26 –na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı hadisəsindən geniş bəhs edib, həmvətənlərimizi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ətrafında sıx birləşməyə çağırıb.

Azərbaycan diasporunun tanınmış nümayəndələri tədbirdə çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqına qarşı hərbi təcavüz və etnik təmizləmə siyasətinin açıq təzahürü olduğunu diqqətə çatdırıblar.

Sonra tədbirdə Xocalı soyqırımından bəhs edən “Sonsuz Dəhliz” sənədli filmi nümayiş etdirilib, Riqa Klassik Gimnaziyasının tələbələrinin ifasında “Xocalı oratoriyası” səsləndirilib.

Hər iki tədbirdə Xocalı soyqırımından bəhs edən müxtəlif kitab, broşür və fotoşəkillər sərgilənib, soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.

RR__9755

RR__9700

RR__9777

RR__9780

RR__9788

RR__9812

RR__9816

RR__9820

RR__9830

növbəti xəbər əvvəlki xəbər