2018-11-28
Rigada “Birləşmiş Avropa layihəsinə yeni baxış” konfrans işinə başlayıb

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə noyabrın 28-də Latviyanın paytaxtı Riqada “Birləşmiş Avropa layihəsinə yeni baxış” konfrans işinə başlayıb.

Toplantıda Mərkəzin İdarə Heyətinin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Mərkəzin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov, sabiq dövlət başçıları Valdis Zatlers, Petar Stoyanov, İvo Yosipoviç, , Hikmət Çətin, Ekmeleddin İhsanoğlu, həmçinin Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov və digərləri iştirak edir.

Konfransın açılış mərasimində çıxış edən Latviya parlamentinin spikeri İnara Murnietse ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək bugünkü konfransı Avropa münasibətləri çərçivəsində mühüm hesab etdiyini bildirib. O, hər iki ölkənin müstəqilliklərinin 100 illiyinin tarixi önəmini də diqqətə çatdırıb. 

Mərkəzin həmsədri Vayra Vike-Frayderberqa çıxışında bu toplantının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi önəmli tədbirlər sırasında olduğunu vurğulayıb. O, Avropa ölkələrinin tarix boyu ciddi çağırışlara məruz qaldığını deyib. Bu gün Avropa qaçqın və miqrant problemlər yaşadığı zamanda  siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidləri də aradan qaldırmaq barədə düşünməlidir.

Açılış hissəsinin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər. Daha sonra konfrans panel iclasları ilə davam edib.

Konfrans işini noyabrin 29-da yekunlaşdıracaq.

növbəti xəbər əvvəlki xəbər