2018-12-12
Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyevin irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilmişdir.

Konfransda Latviya ictimaiyyətinin tanınmış nümayəndələri: siyasət, elm və mədəniyyət xadimləri, media nümayəndələri, Ukrayna, Moldova, Gürcüstan və digər diplomatik nümayəndəliklərin rəhbərləri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan səfir C.Axundov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən geniş bəhs etmişdir.

Hər bir xalqın öz milli lideri və xilaskarının olduğunu, bu nümunədə Şarl de Qoll, Abram Linkoln, Ataturk kimi tarixi şəxsiyyətlərin adlarını sadalayan səfir,  Azərbaycanın tarixində belə bir tarixi şəxsiyyətin Heydər Əliyev olduğunu söyləmişdir.

Heydər Əliyevin şərəfli və çətin bir ömür yolu keçdiyini qeyd edən səfir, hələ 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunlarının Azərbaycana müdaxiləsi zamanı onun Kommunist partiyası sıralarını tərk edərək, Sovet Hakimiyyətinə açıq və kəskin etirazlarını bildirməsinin o dövr üçün çox cəsarətli bir addım olduğunu qeyd edən səfir, bundan sonra Heydər Əliyevin öz xalqının yanında yer alaraq ölkəmizin xilaskarına çevrildiyini diqqətə çatdırmışdır.

Ümummilli lider Heydə Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra onun ölkədə böyük iqtisadi və demokratik islahatlara başlayaraq ölkəni faktiki dağılmaq təhlükəsindən xilas etdiyini qeyd edən səfir, o zaman mövcud ağır iqtisadi və siyasi  böhran, habelə işğalçı Ermənistanla müharibə şəraitində bütün bunların heç də asan olmadığını və bununla da Heydər Əliyevin faktiki olaraq Azərbaycanda yeni bir dövlətin qurucusu olduğunu söyləmişdir.

Həmçinin Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi aqrar islahatlar, yeni konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğv edilməsi, ombudsman institutunun yaradılması, Ermənistanla atəşkəs razılaşmasının əldə edilməsi, Əsrin Kontraktının imzalanması ilə yeni neft strategiyasının qurulması və s. bu kimi tarixi nailiyyətlərdən geniş bəhs edən səfir, bütün bunların Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın maddi rifahın yüksəldilməsinə səbəb olmaqla, bütöv Avrasiya məkanında yeni bir siyasi və iqtisadi inqilab hadisəsi olaraq yaddaşlara həkk olunduğunu söyləmişdir. 

Sonra səfir C. Axundov konfrans iştirakçılarını ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev - Rəsmi Bioqrafiya” sənədli filminə baxmağa dəvət etmişdir.  

Filmin nümayişindən sonra çıxış üçün söz Latviya Universitetin tarix elmləri doktoru cənab Uldis Kreslinşə verilmişdir.

Çıxışı zamanı Azərbaycan tarixinin son 25 ilini tədqiq etməklə “əgər Heydər Əliyev olmasaydı müasir Azərbaycan da olmazdı” kimi bir qənaətə gəldiyini qeyd edən tarixçi hələ 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycanda baş verən köklü dəyişikliklərin bu fikri söyləməyə əsas verdiyini diqqətə çatdırmışdır.

Ümumilikdə Heydər Əliyevin Azərbaycandakı fəaliyyəti dövrünü “müasirləşmə” dövrü kimi xarakterizə edən tarixçi, bu dövrdə ölkədə həyata keçirilən geniş siyasi və iqtisadi islahatların Azərbaycanı müasir və sürətlə inkişaf edən bir dövlətə çevirdiyini söyləmişdir. Azərbaycanda rəhbərliyə gəlməsindən sonra Heydər Əliyevin həmin dövrdə ölkədə yaşanan siyasi qarşıdurmalara son qoyaraq sülh və sabitliyi bərqərar etdiyini, habelə Ermənistanla müharibəni dayandıraraq böyük insan tələfatı və iqtisadi resurslara qənaət etdiyini qeyd edən tarixçi, bütün bunların Azərbaycan iqtisadiyyatının bərpası və yenidən qurulmasına ilkin şərait yaratdığını söyləmişdir.

Heydər Əliyevin imza atdığı tarix nailiyyətlər sırasında Əsrin Kontraktından geniş bəhs edən tarixçi, bununla ölkəyə iri həcmdə xarici kapital axınının başlandığını və bu gün neft gəlirlərinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi,  enerji təhlükəsizliyi və sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Həmçinin Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanda aparılan torpaq islahatları barədə məlumat verən tarixçi, dövlət mülkiyyətində olan böyük torpaq sahələrinin əhaliyə əvəzsiz olaraq verildiyini və bunun ölkədə kənd təsərrüfatının inkişafı ilə əhalinin sosial rifahının yüksəlməsinə səbəb olan amillərdən biri olduğunu söyləmişdir.

Heydər Əliyev apardığı siyasi və demokratik islahatlar sırasında Azərbaycanda  yeni konstitusiyanın qəbul edilməsinə xüsusi diqqət çəkən tarixçi, bu ali qanunlar toplusunun təmin etdiyi hüquq və azadlıqlar və müasir demokratik institutlardan geniş bəhs etmiş, yeni konstitusiyanın ölkədə hakimiyyətin bölgüsü, qanunun aliliyi, hüquqi dövlət quruculuğu və digər demokratik islahatlara xidmət etdiyini geniş izah etmişdir. 

Daha sonra çıxış üçün söz Latviya Respublikası Prezidentinin milli azlıqlar üzrə müşaviri və “Ocaq” Azərbaycan diaspora cəmiyyətinin sədri Roman Əliyevə verilmişdir.

Çıxışı zamanı R.Əliyev milli liderlərə xas olan əsas keyfiyyətin həmin liderlərin öz xalqlarının tam etimadını qazanmasından ibarət olduğunu söyləmişdir. Bu mövzuda o, ümummilli lider Heydər Əliyevə xas olan əsas xüsusiyyəti onun Azərbaycan xalqının mütləq iradəsini ifadə etməsi və Azərbaycanın müstəqilliyinin qarantı olması ilə xarakterizə etmiş, fikrini ümummilli liderin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri ilə izah etmişdir.  

Daha sonra çıxış üçün söz tanınmış latviyalı yazıçı cənab Yanis Udrisə verilmişdir.

Çıxışı zamanı Azərbaycana və Azərbaycan xalqına böyük rəğbətinin olduğunu qeyd edən yazıçı, ölkəmizin ağır tarixi inkişaf yolu keçdiyini və yalnız Heydər Əliyevin ölkədə rəhbərliyə gəlməsindən sonra Azərbaycanın bu ağır siyasi və sosial-iqtisadi böhrandan çıxa bildiyini söyləmişdir. Heydər Əliyevin öz xalqına bağlı bir şəxsiyyət olduğunu və daim öz xalqı ilə təmasda olduğunu qeyd edən yazıçı onun vəfatının da öz xalqının yanında və gözü qarşısında baş verdiyini və bu xüsusda Heydər Əliyevə həsr edilmiş filmdəki müvafiq səhnədən çox təsirləndiyi söyləmişdir.

Bu gün Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğur və müvəffəqiyyətlə davam etdirildiyini qeyd edən yazıçı, bunun həm də Heydər Əliyevin böyük xatirəsi və zəngin tarixi irsi qarşısında bir məsuliyyət məsələsi olduğunu və Heydər Əliyevə xas olan yüksək keyfiyyətlərin bu gün Prezident İlham Əliyevin şəxsində irsən təzahür etdiyini söyləmişdir.   

Konfransın yekununda ümummilli lider Heydər Əliyevin xatirəsinə ehsan verilmişdir.

Tədbirdən sonra “AzərTac” informasiya agentliyinin müxbirinə müsahibə verən konfrans iştirakçısı – Latviya Universitetinin Akademik Kitabxanasının direktoru xanım Venta Kotsere Azərbaycan Səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və bu gün bu tədbirdə iştirak etməkdən çox məmnun olduğunu qeyd edərək,  Heydər Əliyev haqqında nümayiş etdirilən filmin ona böyük təsir bağışladığını söyləmişdir.

Artıq Azərbaycana 3 dəfə səfər etdiyini qeyd edən xanım V. Kotsere, onda ölkəmiz haqqında böyük təəssüratların yarandığını, Azərbaycana son səfəri zamanı Latviya Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığa dair sazişin imzalandığını və Latviya haqqında sərginin keçirildiyini söyləmişdir. Həmçinin Heydər Əliyev haqqında çox oxuduğunu qeyd edən xanım V. Kotsere bu gün bu konfransda nümayiş etdirilən filmə böyük maraqla baxdığını söyləmişdir.

Daha sonra “AzərTac” müsahibə verən digər bir konfrans iştirakçısı – Baltik Beynəlxalq Akademiyasının professoru Stanislav Buka Heydər Əliyevin zəngin tarixi irsinin bu gün Latviyada təhsil alan azərbaycanlı tələbələrin şəxsində və onlar üçün Avropada yaradılmış geniş təhsil imkanlarında təzahür etdiyini və bütün bunların Azərbaycanı Avropa ilə birləşdirən bir amil olduğunu söyləmişdir.

növbəti xəbər əvvəlki xəbər