2018-12-27
Arif Məlikovun əsəri “Plisetskayaya ithaf” tamaşasında

Latviya  Milli  Opera teatrının səhnəsində  XX əsrin  ən görkəmli  balet ustalarından biri – Mayya Plisetskayanın  şərəfinə iki hissədən ibarət “Mariinski teatrının solistləri. M.Plisetskayaya ithaf” qala- tamaşası göstərildi. Tamaşada Plisetskayanın   yaradıcılıq həyatında  önəmli  yer tutan  Bize-Şedrinin “Karmen-süitası”, habelə onun sevimli baletlərindən (məsələn, Çaykovskinin “Qu gölü”ndən)  fraqmentlər  Sankt-Peterburq  baletinin ulduzlarının  ifasında sərgiləndi. Fərəhlidir ki, həmin proqramda  Azərbaycanın ünlü bəstəkarı, xalq artisti,  akademik, professor, dünya şöhrətli Arif Məlikovun Nazım Hikmətin dramı əsasında bəstələdiyi “Məhəbbət əfsanəsi” (baletmeyster Y.Qriqoroviç) baletindən də bir  parça – Məhmənə Banunun  monoloqu  tamaşaçılara təqdim olundu. Bu da təsadüfi deyil. M.Plisetskaya  dəfələrfə   “Məhəbbət əfsanəsi”ndə yaradığı obrazı özünün ən sevimli partiyaları sırasında qeyd edirdi. Bu  gözəl sənətkarı Arif Məlikovla illərin  dostluğu, yaradıcılıq  əməkdaşlığı birləşdirir.  Məhmənə Banu kimi mürəkkəb, ziddiyyətli,  güclü xarakteri   balet səhnəsində müxtəlif illərdə  balet sənətinin   ən tanınmış ustaları -  N.Timofeyeva, N.Semizorova,  M.Leonova, U.Lopatkina. S.Zaxarova – siyahını davam etdirmək olar - canlandırmışlar. Riqa səhnəsində  Məhmənə Banu Sankt-Peterburqun  Mariinski   Opera və Balet teatrının aparıcı solisti Aleksandra İosifidinin çox ekspressiv  təfsirində təqdim edildi. Xüsusi qeyd edək ki,    “XX əsrin ən görkəmli baleti” (C.Noymayer) kimi qiymətləndirilən “Məhəbbət əfsanəsi”nin  premyerası  uzaq 1961-ci ildə  məhz bu teatrın səhnəsində gerçəkləşdirilmişdir. Tamaşadan sonra  Ü.Hacıbəyli adına BMA-nın professoru Zümrüd Dadaşzadə A.İosifidini təbrik edib, onunla  qısa söhbət etmək imkanı əldə etdi.   Aleksandra “Məhəbbət əfsanəsi” baletinin bütün truppanın ən sevimli   sənət əsərlərindən biri olduğunu söylədi. O vurğuladı ki, Məhmənə Banu obrazı onu öz dərinliyi, qeyri-adi dolğunluğu, musiqi  təcəssümünün parlaqlığı ilə  həmişə cəlb edir.  “Məhəbbət əfsanəsi”, şübhəsiz,  teatrımızın  repertuarının yarasığıdır”,- deyə o bildirdi. Söhbət əsnasında Mariinski teatrın bədii rəhbəri və baş direktoru Valeri Gergiyevin Arif Məlikovla  sənət dostluğundan da söz düşdü.  Məşhur sənətkarın  2008-ci ildə Bakıda A.Məlikovun yubiley tədbirlərində heyrətamiz çıxışları xatırlandı. Onu da deyək ki,  qastrol səfərini   daim tamaşaçıları maraqlı layihələri ilə sevindirən   “Art-Forte” kompaniyası ( idarə heyətinin  sədri:Y.Loçmele) təşkil etmişdir.

növbəti xəbər əvvəlki xəbər