2019-01-28
Azərbaycanın Xalq artisti Əvəz Abdulla Latviya Opera Teatrının səhnəsində uğurla çıxış edib

Yanvarın 27-də Latviya Milli Opera və Balet teatrının səhnəsində dahi italyan bəstəkarı Cuzeppe Verdinin “Nabukko” operası nümayiş olunub.

Operada baş rolu – Babil çarı Navuxodonosorun (Nabukkonun) partiyasını Azərbaycanın Xalq artisti, dünyanın bir çox məşhur səhnələrində böyük uğurla çıxış edən Əvəz Abdulla ifa edib.

Ə.Abdullanın repertuarında Fiqaro, Riqoletto, Jermon, Skarpia, Eskomilio kimi fərqli partiyalar var. Bu yaxınlarda o, Amsterdamda Azərbaycan Bəstəkarlar İttifaqının sərdi, Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin ilk ifasında çıxışı ilə tamaşaçıları heyrətə gətirib.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə opera barədə təəssüratlarını bölüşərək deyib: “Nabukko” operası ifaçılar qarşısında böyük çətinliklər yaradır. Burada təkcə qüdrətli səsə malik olmaq kifayət deyil, həm də aktyor kimi də ustalıq nümayiş etdirmək gərəkdir. Nabukko obrazı opera ərzində inkişaf edir, hər səhnədə bu personajın xarakteri yeni çalarlarla zənginləşir. Əvəz Abdulla qeyri-adi gözəlliyə malik baritonu və əsl dramatik aktyor keyfiyyətləri ilə elə ilk dəqiqədən dinləyicilərin rəğbətini qazandı. Azərbaycanlı vokalçı obrazın dramaturji inkişaf xəttini məharətlə quraraq, onun bütün mürəkkəbliyini və dərinliyini nümayiş etdirməyə müvəffəq olub. Onun ifasında Nabukkonun ariyası operanın kulminasiyası oldu. Tamaşaçılar azərbaycanlı sənətkarı gur alqışlarla qarşıladılar. Ə.Abdullanın Riqa səhnəsində möhtəşəm çıxışı, şübhəsiz, Azərbaycan opera ifaçılığı sənətinin böyük uğurudur”.

Tanınmış italiyalı maestro Jacopo Sipari di Pescasserolinin dirijorluğu ilə idarə olunmuş operada Yulianna Bavarska (Abiqail), Laura Qretska (Fenena), Romans Polisadovs (Zaxariya), habelə Latviya opera teatrının xoru səhnə alıb. Tamaşanın quruluşçu rejissoru Quntas Qaylitis, rəssamları Andris Freyberqs və Kristine Pasternakadır.

növbəti xəbər əvvəlki xəbər