2019-05-27
Latviyada Respublika Günü qeyd olunub

2019-cu ilin 24 may tarixində Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilmişdir. Riqa şəhərinin mərkəzində yerləşən XIV əsrə aid tarixi “Qarabaşlar Evi”ndə keçirilmiş qəbulda Latviya Respublikası Prezidentinin müşavirləri, Latviya parlamentinin, Xarici İşlər Nazirliyinin və digər dövlət və hökumət orqanlarının rəsmiləri, Latviya Respublikasının keçmiş prezidenti Valdis Zatlers, Latviyada akkreditə olunmuş xarici
dövlətlərin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların rəhbərləri, ali tədris ocaqlarının rektor və prorektorları, ictimai-siyasi xadimlər, tarixçilər, Kütləvi İnformasiya Vasitələri, eləcə də Azərbaycan Ticarət Evinin və Latviya şirkətlərinin nümayəndələri, Latviyada məskunlaşmış xarici icmaların təmsilçiləri və azərbaycanlı tələbələr olmaqla ümumilikdə 350 nəfərə yaxın qonaq iştirak etmişdir. Latviya Respublikası və Azərbaycan Respublikası dövlət himnlərinin səslənməsi ilə başlanan qəbulda çıxış edən Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri Cavanşir Axundov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin qədim və zəngin tarixindəki yeri və rolu barədə danışmışdır. Səfir xalqımızın XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycanda yaşanan mədəni inqilab və milli məfkurənin təşəkkülü altında milli dövlətçilik və tərəqqi ideyaları ətrafında sıx birləşməsi nəticəsində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində
yaradılmış ilk parlament respublikası kimi mövcudluğu dövründə keçdiyi çətin tarixi yol və yürütdüyü sülhsevər siyasət barədə məlumat vermiş, həmin dövrdə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün millətlər və siyasi partiyaların nümayəndələrinin dövlət və hökumət orqanlarında bərabər formada təmsil olunduğunu qeyd etmişdir. Cəmi iki il yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu dövründə siyasi-iqtisadi islahatlar həyata keçirildiyini, demokratik təsisatlar yaradıldığını, qadınlara seçkilərdə iştirak və dövlət və hökumət orqanlarında təmsil olunma hüququnun verildiyini vurğulayan səfir ölkəmizin öz müstəqilliyinə 1991-ci ildə yenidən qovuşduğu, lakin müstəqilliyin ilk illərində siyasi və iqtisadi tənəzzül yaşandığı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış əzəli torpaqlarının 20 faizinin qonşu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildiyi və həmin ərazilərdə etnik təmizləmə siyasəti aparıldığı barədə məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə Azərbaycana qayıdışından sonra mövcud ağır siyasi-iqtisadi böhran və müharibə şəraitində olan ölkəmizdə aparılmış geniş siyasi, iqtisadi və demokratik islahatlar nəticəsində ictimai-siyasi sabitliyin, milli birliyin və həmrəyliyin bərqərar edildiyini diqqətə çatdırmış, aparılan müstəqil daxili və xarici siyasət barədə danışmışdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr və bu çərçivədə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə tədbir iştirakçılarına məlumat verən C.Axundov Azərbaycan-Latviya münasibətləri barədə söhbət açmışdır. Xalqlarımız arasında tarixən mövcud olmuş təmasları yada salan səfir iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə münasibətlərin uğurlu inkişaf yoluna qədəm qoyduğunu nəzərə çatdırmış, dövlət başçıları, parlament, hökumət və digər dövlət qurumları arasında sıx əməkdaşlığın və qarşılıqlı səfərlərin həyata keçirildiyini qeyd etmişdir. C.Axundov 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında nəqliyyat, tikinti və təhsil sahələrində əməkdaşlığa dair sazişlər ilə yanaşı, “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanmasının ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini nümayiş etdirdiyini xüsusilə vurğulamışdır. O həmçinin Latviyada Azərbaycan Ticarət Evinin açılması ilə regional bazarlara çıxış imkanları baxımından əlverişli strateji bölgələrdə yerləşən ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin təşviqi üçün yeni imkanlar açıldığını qeyd etmişdir. Sonda Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının qurulması barədə danışan səfir dövlətimizin yürütdüyü müstəqil xarici siyasət barədə tədbir iştirakçılarına məlumat vermişdir. Rəsmi qəbulun musiqi bölməsində Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanov və Şükür Əliyev çıxış edərək milli musiqi alətlərimiz tar və nağarada rəngarəng musiqi çələngi təqdim etmişlər. Konsert əsnasında Azərbaycan musiqi alətlərinin şahı - tar haqqında yığcam informasiya da verilmişdir. Azərbaycanlı sənətçilərin çıxışı dinləyicilərə böyük emosional təsir göstərmiş, gur alqışlarla qarşılanmışdır. Tədbir zalında həmçinin, Azərbaycan guşəsi qurulmuş, milli-mədəni dəyərlərimizi əks etdirən suvenirlər, kitab, jurnal və broşürlər tədbir iştirakçılarına paylanmışdır. 

470A9791

470A9810

A7306787

A7306804

A7306812

A7306856

A7307058

növbəti xəbər əvvəlki xəbər