2019-10-15
Səfir Cavanşir Axundov Latviya Respublikasının Liepaya şəhərinə işçi səfər etmişdir.

Səfər çərçivəsində səfir Liepaya Şəhər Şurasının sədri Yanis Vilnitis, şəhər administrasiyasının üzvləri və Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür.

Şəhər administrasiyasında keçirilmiş görüşdə şəhər təsərrüfatı barədə səfirə ətraflı məlumat verilmiş və müvafiq Azərbaycan şəhərləri ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Bu xüsusda tərəflər Riqa şəhərində fəaliyyət göstərən Azərbaycan Ticarət Evi vasitəsilə ölkələrimizin müvafiq şəhər və regionları arasında iqtisadi-ticari əlaqələrin təşviqinə qərar vermişlər.

Görüşlərdə həmçinin  Liepaya şəhəri ilə mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq, mədəni mübadilə və birgə təmasların təşviqinə qarşılıqlı maraq və dəstək ifadə edilmişdir. Bu xüsusda səfir Liepaya Simfonik Orkestri,  habelə musiqi, incəsənət, dizayn məktəblərinin fəaliyyət göstərdiyi möhtəşəm “Lielais Dzintars" (“Böyük Kəhraba”) regional konsert və mədəniyyət mərkəzini ziyarət etmiş, mərkəzin fəaliyyət imkanları ilə yaxından tanış olmuşdur.

Səfiri müşayiət edən Liepaya Şəhər Şurasının mədəniyyət və idman məsələləri üzrə sədr müavini Atis Deksnis xalqlararası mədəni təmasların təşviqinə ölkəsinin marağını ifadə edərək, Azərbaycan mədəniyyət xadimlərini “Lielais Dzintars" sarayında konsert-mübadilə proqramları ilə çıxışlar etməyə dəvət etmişdir.

Azərbaycan diasporunun nümayəndələri ilə keçirilmiş görüşdə səfir şəhərin azərbaycanlı icmasının həyat şəraiti ilə yaxından tanış olmuş, onların Latviyanın ictimai-siyasi, iqtisadi və mədəni həyatına inteqrasiyası sahəsində öz tövsiyələrini vermişdir. Həmçinin görüşdə  diaspora fəaliyyəti və bu xüsusda Azərbaycan həqiqətləri, xalqımızın zəngin tarixi və mədəni irsinin təbliği məsələləri müzakirə edilmiş, bu mövzularda yeni vəzifələr müəyyən edilmişdir. 

növbəti xəbər əvvəlki xəbər