2019-10-30
Pianoçu Leyla Zeynalovanın Riqada böyük uğuru

Azərbaycanlı Leyla Zeynalova gənc pianoçuların Riqada keçirilən VIII Beynəlxalq müsabiqəsində birincilik qazanıb. Onun ifaçılıq istedadı  üç xüsusi mükafatla  qeyd olunub. Leyla İ.S.Bax musiqisinin, latviyalı bəstəkar M.Drustenin  “Folk Impression” əsərinin ən yaxşı ifaçısı kimi fərqlənərək, habelə Almaniyanın Aynbek (Einbeck) şəhərində keçiriləcək Qış Akademiyasına (münsiflər heyətinin üzvü Gintaras Yanuşeviçyus tərəfəindən təsis olunan daha bir xüsusi mükafat) dəvət almışdır. L.Zeynalovanın adı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin 8 oktyabr 2014-cü il sərəncamı ilə gənc istedadların “Qızıl Kitab”ına yazılmışdır. Prezident təqaüdçüsü olan gənc pianoçu hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kursunda, professor Kəmalə Neymanovanın sinfində təhsil alır. Leyla  bir sıra  müsabiqələrin  - Azərbaycan, Almaniya,  İngiltərə, Estoniya, Belçika, Danimarkada keçirilən ifaçılıq yarışmalarının laureatı olmuşdur. O, dəfələrdə Yuri Başmetin rəhbərlik etdiyi MDB və Baltiya ölkələrinin Uşaq Musiqi Akademiyasının ustad dərslərində iştirak etmişdir. 2015-ci ildə gənc pianoçu Vladimir Spivakovun  təşkil etdiyi “Moskva dostları qarşılayır” festivalına dəvət almışdır.

2018-ci ildə L.Zeynalovanın uğurlu fəaliyyəti Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı ilə qeyd olunmuşdur.

   Pianoçunun Riqadakı çıxışı ilə bağlı musiqişünas professor Zümrüd Dadaşzadə öz təəssüratlarını bölüşmüşdür: “Leylanın adı musiqi ictimaiyyətinə yaxşı bəllidir.  Nadir istedada malik bu qız Bülbül adına orta ixtisas musiqi məktəbində eyni zamanda iki – violin  və fortepiano ixtisasları üzrə təhsil  almışdır. Onun qardaşı da musiqi dairələrində tanınır: beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeynalov hal-hazırda Moskva  Konservatoriyasının aspiranturasında, professor Ruvim Ostrovskinin sinfində təhsilini davam etdirir.

    Mən Leyla ilə  2017-ci ildə Üzeyir Hacıbəyli adına  IX Beynəlxalq Musiqi festivalı çərçivəsində məşhur pianoçu, YUNESKO-nun “Sülh naminə Artisti” adına sahib olan Eliso Bolkvadzenin  ustad dərsində yaxından tanış oldum. O zaman Leylanın Bolkvadzenin verdiyi tövsiyələrə iti reaksiyası, onları ani olaraq qavramaq bacarığı məni heyran etdi. Riqadakı müsabiqədə Leyla iki turda  Bax, Şopen, Prokofyev, Ligeti, Drustenin əsərlərindən ibarət rəngarəng proqram təqdim etmişdir. Avanqardın  ikinci dalğasının  işarəvi simalarından olan  György Ligetinin 4 saylı etüdünün (“Fanfares”) ifası xüsusən maraqlı idi. Leyla çağdaş musiqinin mürəkkəb dilini anlamaq  bacarığı sərgiləyərək,  öz mexanistik təkrarları ilə bir qədər ovsunlayıcı təsir bağışlayan,  canlı, dinamik bir obraz yarada bildi. Münsiflər heyəti habelə Leylanı latviyalı bəstəkar M.Drustenin “Folk Impression” kompozisiyasının  təfsirinə görə də mükafatlandırıd. Bu, olduqca əlamətdardır. Çünki Leyla  tam yeni əsəri müəllifin vətənində  elə şövqlə çaldı ki, latviyalı dinləyiciləri və mütəxəssislərinin ürəyini fəth edə bildi. Əlbəttə, İ.S.Bax musiqisinin ən yaxşı ifasına görə mükafat çox önəmli olub, gənc pianoçunun  kifayət qədər yüksək  peşəkarlıq səviyyəsinə dəlalət edir. L.Zeynalovanın müəllimi Kəmalə Neymanovanın etiraf etdiyi kimi,  müsabiqəyə hazırlıq ərəfəsində onlar məhz Bax əsərinin üzərində xüsusi  məsuliyyətlə çalışmışlar. Yalnız  son məqamda Leyla müəyyən sərbəstlik əldə edərək, Bax musiqisinin ruhuna nüfuz edə bilmişdir: bu da münsiflər heyəti tərəfindən layiqincə  qiymətləndirilmişdir.

   Leylanın yaradıcılıq potensialı göz qabağındadır. O, Bakı Musiqi Akademiyasında gözəl müəllim, ali peşəkar, öz qəlbinin bütün hərarətini gənc musiqiçilərin tərbiyəsinə həsr edən professor K.Heymanovanın sinfində  təhsil alır.  Şəksiz istedadı, musiqiyə sevgini zəhmətsevərlik və iradəli xarakterlə uzlaşdıraraq, Leyla  hələ neçə-neçə yeni nailiyyətə imza ata bilər. Ona  akademik musiqi ifaçılığı kimi çox çətin bir sahədə uğurlar diləmək istərdim!”

73275184_2466123130293896_7170322221338984448_n

IMG-20170607-WA0000

74170955_535621593929614_2068544644475518976_n

növbəti xəbər əvvəlki xəbər