2019-12-12
Riqada “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilmişdir

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyev  və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Latviya ictimaiyyətinin tanınmış nümayəndələri: siyasət, elm və mədəniyyət xadimləri və media nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan səfir C.Axundov bu il ölkəmizdə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100-cü ildönümünün qeyd edildiyini diqqətə çatdırmışdır. Bu mövzuda orta əsrlər dövründən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyəti, Sovet hakimiyyəti illəri və dövlət müstəqilliyimizin bərpasından sonra diplomatiyamızın keçdiyi tarixi inkişaf yolundan söz açan səfir, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın diplomatiya tarixindəki əvəzsiz xidmətlərindən geniş bəhs etmişdir.

Xarici siyasətimizin prioritet istiqamətlərinin məhz Heydər Əliyev Azərbaycana rəhbərliyi illərində formalaşdığını qeyd edən səfir, dövlət müstəqilliyimizin bərpa edildiyi o ağır siyasi, sosial-iqtisadi böhran və müharibə illərində Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasından sonra ölkəmizin beynəlxalq birliyin layiqli üzvünə çevrilə bildiyini diqqətə çatdırmışdır. Çətin coğrafi bir məkanda yerləşən Azərbaycan kimi bir ölkədə müstəqil və balanslı xarici siyasət kursunun böyük uğurla həyata keçirildiyini qeyd edən səfir, bu gün ölkəmizin BMT, Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və s. nüfuzlu beynəlxalq təşkilatların üzvü olduğunu və bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. Bu gün xalqımızın bəhrələndiyi beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat-infrastruktur layihələri: “Əsrin Kontraktı”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qarsa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. bu kimi layihələrin məhz ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslı və çoxşaxəli xarici iqtisadi siyasətin məhsulu olduğunu qeyd etmişdir. Məhz bu siyasətin ölkəmizi Avropanın etibarlı enerji və ticarət tərəfdaşına çevirdiyini qeyd edən səfir, bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynadığını diqqətə çatdırmışdır.

Bu gün dünyanın müxtəlif bölgələrində Azərbaycanın 70-dən çox diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyini qeyd edən səfir, Latviya ilə əlaqələrimizin uğurlu inkişaf yolu keçdiyini və fürsətdən istifadə edərək Latviya tərəfinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və bu xüsusda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə göstərdiyi davamlı beynəlxalq dəstəyə görə dərin təşəkkürünü ifadə etmişdir.

 Sonra çıxış üçün söz Latviya Respublikasının keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü cənab Valdis Zatlersə verilmişdir.

Çıxışı zamanı hər bir xalqının öz tarixi, qəhrəmanı və lideri olduğunu qeyd edən Valdis Zatlers, onların xatirəsinin hər zaman yad edilməsinin vacib olduğunu söyləmişdir. Azərbaycan xalqının da milli liderinin Heydər Əliyev olduğunu qeyd edən V. Zatlers, onsuz müasir Azərbaycan Respublikasını təsəvvür etməyin mümkün olmadığını söyləmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaqdan şərəf duyduğunu və bəşər tarixində öz imzası ilə tanınan dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin timsalında Azərbaycan xalqını müdrik bir xalq olaraq xarakterizə edən V. Zatlers, ümummilli lider Heydər Əliyevin bu xalqın layiqli övladı olduğunu bir daha diqqətə çatdırmışdır.

Azərbaycan-Latviya əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən keçmiş prezident ölkələrimizin və xalqlarımızın təkcə tərəfdaş deyil, “yaxın dost” olduğunu diqqətə çatdırmışdır. Bütün bunlara görə cənab V. Zatlers AR diplomatik xidmət orqanlarının xidmətlərini yüksək qiymətləndirmişdir.

Sonra konfrans iştirakçılarına ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Hakimiyyətin Yükü” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirin yekununda ümummilli lider Heydər Əliyevin ruhuna ehsan verilmişdir.

6J0A0552

6J0A0646

6J0A0722

6J0A0605

6J0A0571

növbəti xəbər əvvəlki xəbər