2019-12-17
Dirijor Fuad İbrahimovun Riqa zəfəri

Bu günlərdə Riqanın əsas konsert salonu – Böyük Gildiyada Latviya Milli Simfonik Orkestri (1926-cı ildə yaradılıb) ilə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov çıxış etdi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirməsi, Köln Konservatoriyasının məzunu, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət   simfonik orkestrinin dirijoru, Baku Chamber Orchestra,   gənclərdən ibarət Münhen simfonik orkestrinin (Neue Philharmonie München)  baş dirijoru,  dirijorların Y.Svetlanov adına  IV Beynəlxalq müsabiqəsinin qaliblərindən biri,  Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl Çinar” mükafatının  2019-cu ildə laureatı F.İbrahimovun qastrol  marşrutları dünyanın ən müxtəlif ölkələrindən keçir. Təkcə cari ildə o, Fransa, Almaniya, Yaponiya, İspaniya, İsveçrə, Rumıniya, Rusiya və başqa ölkələrdə çıxış etmişdir. Onun qastrol fəaliyyətinin təşkili ilə “Productions Internacionales Albert Sarfati”  Paris agentliyi məşğul olur. Həmin agentliklə Kremer, Ozava, Berezovski, Kisin, Eyfman, Repin, Knyazev  kimi sənətkarlar da əməkdaşlıq edirlər.

Latviya musiqisevərləri Fuad İbrahimov sənəti ilə artıq tanışdırlar. Bu ilin sentyabrında o, “Kremerata Baltica” orkestrinin bədii rəhbəri, dünya şöhrətli musiqiçi Gidon Kremerin dəvəti ilə  Yurmala festivalında  uğurla çıxış etmişdir.

Əvvəlcədən vurğulayaq ki, konsertə  biletlər ay yarım öncə satılmışdır.  Gildiya administrasiyası  bu musiqi gecəsinə marağın böyüklüyünü nəzərə alaraq, əlavə stullar qoymaq məcburiyyətində qalmışdır.

Latviya Milli  Simfonik Orkestri Baltikyanı ölkələrin ən yaxşı simfonik kollektivi kimi tanınır. Onun fəaliyyəti miqyası, repertuarı,  təqdim etdiyi əsərlərin üslub spektri zənginliyi ilə seçilir.  1926-cı ildə yaradılmış bu orkestrin  baş dirijoru hal-hazırda Andris Poqadır.  Ötən mövsümdə orkestrin pultu önünə Vasili Sinayski, Vladimir Fedoseyev,  Jan-Klod Kazadezyus kimi məşhur dirijorlar qalxmışlar.

 Böyük Gildiyada baş tutan son konsertin proqramına dünya simfonik musiqisinin    şedevrləri - Çaykovskinin Beşinci simfoniyası, Motsartın “Sehrli fleyta” operasından uvertürası və   Klarnet və orkestr üçün Konserti daxil idi. Motsartın  konsertində solist qismində tanınmış latviyalı ifaçı Martinş Tsirsenis (Martinsh Circenis) çıxış etdi. O, Latviya orkestrinin birinci klarnetistidir.

 Proqramın mərkəzi əsəri  Çaykovskinin  möhtəşəm Beşinci simfoniyası idi.  Fuad İbrahimov bu simfoniyanı kəskin təzadlar aşılanmış miqyaslı dramatik lövhə kimi yozaraq dinləyici auditoriyasını sarsıtdı. F.İbrahimovun Latviya orkestri  ilə təması valehedici idi. Orkestr dirijorun hər bir  jestinə  ani olaraq reaksiya verir, hər bir göstərişinə həssaslıqla yanaşırdı.

Onu da qeyd edək ki, F.İbrahimov konsertdən öncə  auditoriya ilə Böyük Gildiyanın kamera zalında görüşüb təhsili və müəllimləri ilə bağlı  bir çox suallara cavab vermək imkanı əldə etmişdir. Orkestrin bu ənənəsi olduqca  təqdirəlayiqdir.

 Sonda latviyalı dinləyicilər azərbaycanlı dirijoru alqışlarla mükafatlandıraraq, onu təkrar-təkrar səhnəyə çağırdılar. Bu, azərbaycanlı dirijorun əsl zəfəri idi. Ümid  etmək olar ki, F.İbrahimovun Latviya Milli Orkestri kimi nüfuzlu kollektivlə  yaradıcılıq təması yaxın zamanlarda davamını tapacaqdır.

Fuad-Riga-cl

Fuad- jest

Fuad- Riga

Fuad-alqish

Fuad-mikr

Fuad-Riga1

Fuad-Riga3

növbəti xəbər əvvəlki xəbər