2019-12-18
“Riga Symphony” müsabiqəsində Azərbaycanın növbəti uğuru

      Dekabr ayında, yeni il ərəfəsində Latviyanın paytaxtında ənənəvi olaraq  gənc vokalçıların “Riga Symphony” adlı müsabiqə-festivalı keçirilir. 2019-cu ildə artıq səkkizinci dəfə baş tutan bu müsabiqəyə 21 ölkəni təmsil edən 300 nəfərdən çox iştirakçı toplaşmışdı. Müsabiqə 5-25 yaş arası vokalçılar üçün bütün mümkün nominasiyalar üzrə keçirilir. Burada vokal sənətinin əsas istiqamətləri -  akademik vokal,  jazz, pop,  xalq ifaçılığı təmsil olunur. Müəllif mahnıları,  latviyalı bəstəkarların  nəğmələrinin ifası da qiymətləndirilir. Bu il “Diamond voice”  nominasiyası, habelə xor və ansambl ifaçılığı üzrə yarışma da  ümumi proqrama əlavə olundu. Daha bir  nominasiya “Gənc istedadların kökləri” adlanırdı: burada isə müsabiqə iştirakçılarının valideynləri öz bacarığını sərgiləmək imkanı əldə etmişdi.

     Xatırladaq ki, ötən il  Azərbaycan  “Riga Symphony” müsabiqəsində  “dünya hiti” nominasiyasında Qran-pri (Ləman İbrahimova) və  “xalq ifaçılığı” nominasiyasında gümüş mükafat (Nigar Cəlilova) qazanmışdır.

     Azərbaycanı müsabiqədə İsgəndər Həsənzadə,  Nəzrin Həsənzadə və Nəfisə Akiyeva təmsil edirdilər.  Onların üçü də  opera müğənnisi, vokal üzrə  tanınmış pedaqoq Yevgeniya Məmmədovanın tələbəsidir. Nəfisə rəqabətin xüsusilə böyük olduğu  18-25 yaş kateqoriyasında yarışaraq çox ləyaqətlə çıxış etdi və kifayət qədər yüksək qiymətlər alaraq  sonda  müsabiqənin bürünc mükafatçısı oldu. İsgəndər (8-11 yaş kateqoriyası) və Nəzrin ( 12-14 yaş kateqoriyası) öz qüvvələrini “akademik vokal” və “dünya hiti” nominasiyalarında sınadılar. Onların çıxışı  mütəxəssislərin diqqətindən yayınmadı. Hər iki gəncin gözəl səs imkanları və musiqi duyumu, habelə  zəhmətsevərliyi qeyd olunmalıdır. Hər ikisi səhnədə özünü çox gözəl hiss edir və oxuduqları əsərləri dolğun çatdırmağı  bacarır.  Odur, azərbaycanlı vokalçıların  hərəyə müvafiq olaraq -  iki qızıl medal  alması (cəmi dörd qızıl medal)  tamamilə qanunauyğun idi. Nəzrin isə finalda – festivalın VEF Mədəniyyət Sarayında  keçirilən bağlanış  konsertində də Azərbaycanı təmsil etmək hüququ qazanaraq, Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını incə zövqlə səsləndirdi.  G.Şaroyev adına  35 saylı  musiqi məktəbində təhsil alan İsgəndər isə öz artistizmi və “sehrli” səsi ilə bir çoxlarını məftun etdi. Onun müvəffəqiyyətini  konsertmeyster  Lalə Bağırzadə bölüşdürdü.

     Müsabiqə  günlərində gənc ifaçılar  əvvəlcədən tərtib olunmuş proqrama əsasən öz ölkələrinin səfirliklərində də olmaq imkanı əldə etdilər. Azərbaycanın Latviyadakı səfirliyində təşkil olunan görüşdə səfir Cavanşir Axundov gənc ifaçıları uğurlu çıxışları münasibətilə təbrik edib, onlara  yeni zirvələr fəth etmək arzularını çatdırdı. Səfir xüsusi vurğuladı ki, bu gün Azərbaycanda gənclərin  təlim-tərbiyəsi, ən yaxşı təhsil ocaqlarında oxuması üçün yaxşı şərait yaradılıb. Sonda  gənc artistlərə  xatirə hədiyyələri təqdim olundu. 

     Müsabiqənin münsiflər heyətinin işində artıq  ikinci dəfə  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət  xadimi Zümrüd  Dadaşzadə iştirak edirdi:

     “Mənim bu  gözəl müsabiqəyə qatılmağımda müəyyən qanunauyğunluq var. Axı əsas kitabımın adı “Simfoniyanın fəzası”dır. Burada mən  60-80-ci illər Azərbaycan simfoniyasının inkişafında əsas təmayülləri nəzərdən keçirirəm.  “Simfoniya”  sözü “həmsəda” kimi tərcümə olunur. Riqada elə  müxtəlif sədaların ahənginin şahidi olduq: müxtəlif dillər, ənənələr, üslublar, temperamentlərin bir araya gəlməsi  əsrarəngiz  polifoniya yaratdı.  Mən Riga Symphony müsabiqəsini   Şərq xalçası ilə də müqayisə edərdim.  Bu xalçanın  hər bir naxışı gözəl və orijinaldır. Bir yerdə həmin naxışlar  valehedici al- əlvan  panno əmələ gətirir.

      Əvvəlcədən bir cəhəti vurğulamağı lazım bilirəm. Riga Symphony  rəsmən müsabiqə  statusunda olsa da, onu daha çox festival kimi nəzərdən keçirərdim. Axı burada qalib və məğlub olanlar yoxdur. Əsas odur ki, müxtəlif millətlərin təmsilçiləri bir araya gələrək  musiqinin dili ilə ən ülvi duyğuları – sevgini, xeyirxahlığı, dostluğu vəsf edirlər.

      Əlbəttə, mükafatlandırılanlar da oldu və onların sırasında gənc azərbaycanlıları görmək çox sevindirici idi. Hər üç iştirakçı olduqca şərəflə çıxış edərək ən yüksək qiymətlərə layiq görüldülər. Onu vurğulayım ki,  həmvətənlərimiz müsabiqəyə çox yaxşı hazırlaşmışdılar. Onlar hətta öz zahiri görünüşü, konsert kostyumları ilə də xoş təsir bağışlayırdılar. Hər  şey – bayraqlar, milli şirniyyatın və suvenirlərin təqdimatı əvvəlcədən düşünülüb daşınılmışdı. Burada, əlbəttə, valideynlərin rolu da önəmlidir.

Festivalda iştirak etmək   hamımızı son dərəcə zənginləşdirdi.  Məsələn, mən  İtaliya, Çexiya, Qazaxıstan, Belarus, Litva, Bolqarıstan,  Portuqaliya, Polşa, Kuba, Moldova, Ukrayna, Estoniyadan festivala təşrif buyurmuş  ali peşəkarlarla tanış olmaq imkanı əldə etdim. Onların çoxu azərbaycanlı iştirakçıları öz müsabiqələrində  görmək  arzusunu ifadə etdilər. Əsas da elə budur. Belə festivallarda yaranan əlaqələr sonralar öz bəhrəsini verir.

      İstedadlı uşaqlarımıza  musiqiyə uca münasibət bəsləyərək məqsədyönlü  çalışmaq, durmadan  dünyagörüşünü genişləndirmək,  dilləri öyrənməyi  tövsiyə  edərdim.

      Nəhayət,  yeni il öncəsi uşaqlara  nağıl bəxş etmiş insanı – festivalın yaradıcısı və bədii rəhbəri, bəstəkar, pedaqoq, prodüser, “Pumpurini” uşaq vokal və rəqs studiyasının  direktoru Helena Lorena  Şvilpenin xidmətlərini xüsusi olaraq vurğulamaq istərdim. Məhz onun titanik zəhməti, istedadı və  sevgisi nəticəsində bu musiqi bayramı baş tutdu.  Festivala qatılmış heç bir iştirakçı diqqətsiz qalmadı:  məhz bu il  xüsusi dizayn əsasında hazırlanan kubok və  mükafatlar, əlbəttə, festivala əlavə rəng qatdı.

      Onu da deyim ki,  dünyanın müxtəlif ölkələrində  müsabiqələrə münsiflər heyətinin üzvü kimi dəvət alan,  uşaq və gənclərlə əlaqədar bir çox layihəyə imza atmış Şvilpe  Azərbaycanda da “Baku Symphony” adı ilə müsabiqə  təşkil etmək arzusunda olduğunu söylədi.

         Helena Şvilpe əmindir ki, istedadsız uşaq yoxdur.  Onun  təşkil etdiyi festivalın əsas məqsədi  isə uşaqlara xoşbəxt etməkdir. Məncə,   həmin vəzifə  böyük müvəffəqiyyətlə yerinə yetirildi”.

Riga-symph1

Riga-Nazrin

Riga-symph-2019 - me

Riga-symph10

Riga-symph2

Riga-symph3

Riga-symph4

Riga-symph5

Riga-symph6

Riga-symph7

Riga-symph8

Riga-symph9

növbəti xəbər əvvəlki xəbər