2020-01-31
Səfir Cavanşir Axundov Riqa şəhərində fəaliyyət göstərən “Beynəlxalq Diplomatik və Biznes Klub”da təqdimatla çıxış etmişdir.

“Azərbaycanın iqtisadiyyatı: inkişaf və perspektivlər” mövzusuna həsr edilmiş təqdimatda ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Latviya Seyminin deputatları, müxtəlif dövlət qurumları, biznes dairələr və yerli KİV-lərin nümayəndələri iştirak etmişlər.

 

Çıxışdan öncə qonaqlara Azərbaycana dair təqdimat xarakterli “Bakı, Azərbaycanın paytaxtı” adlı reklam çarxı nümayiş etdirilmişdir.

 

Sonra çıxış edən səfir C. Axundov Azərbaycanın sosial-iqtisadi inkişafı və son iqtisadi nailiyyətləri barədə məlumat vermiş, iqtisadiyyatımızın makro-iqtisadi göstəricilərini təqdim etmişdir. Bu mövzuda səfir Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik”, Dünya Bankının “Doing Business” kimi hesabatlarına istinad etmişdir.

 

Daha sonra səfir Azərbaycan və regionumuzda yaradılan qlobal enerji infrastrukturu: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi layihələr barədə ətraflı məlumat vermişdir. Həmçinin  ölkəmizin Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat infrastrukturunun inkişafına verdiyi töhfələrdən  bəhs edən səfir, bu mövzuda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Bakı Beynəlxalq Dəniz-Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, habelə ölkəmizdə yaradılan müasir yol və hava-nəqliyyat infrastrukturu barədə dinləyicilərə ətraflı məlumat vermişdir. Həmçinin Azərbaycanda yaradılan müasir sənaye infrastrukturu və bu xüsusda “Sumqayıt Texnologiyalar Parkı, Pirallahı, Balaxanı və Mingəçevir sənaye parklarından geniş bəhs edən səfir, ölkəmizin etibarlı enerji, biznes və ticarət tərəfdaşı olduğunu bir daha diqqətə çatdırmışdır.

 

Tədbirin yekununda qonaqlara Azərbaycan mili mətbəxi nümunələrindən ibarət çay ziyafəti verilmiş və bu formatda milli çay, şərab, meyvə şirələri və s. ərzaq və qida məhsulları dequstasiyası həyata keçirilərək “Made in Azerbaijan” brendi təbliğ edilmişdir.

 

Qeyd edilməlidir ki, “Beynəlxalq Diplomatik və Biznes Klub” regionda tanınmış iş adamları və diplomatları birləşdirən sosial və biznes şəbəkələşmə təşəbbüsüdür.

DSC08856

DSC08859

image00001

image00006_3

image00008

növbəti xəbər əvvəlki xəbər