2020-02-19
Avropa Parlamentinin latviyalı deputatı İveta Qriqule-Peterse AR Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı ilə təltif edilmişdir.

Avropa Parlamentinin Latviya Respublikasından olan keçmiş deputatı xanım İveta Qriqule Azərbaycan – Latviya əlaqələrinin inkişafındakı xidmətlərinə görə AR Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı ilə təltif edilmişdir.

AR Xarici İşlər Nazirinin müvafiq əmri ilə təyin edilən təltifat xanım İ. Qriquleyə Latviyadakı  Azərbaycan Səfirliyində təqdim edilmişdir.

Qonağı salamlayan Səfir Cavanşir Axundov onun Azərbaycan-Latviya əlaqələrinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir. Habelə Azərbaycan həqiqətləri və xüsusilə Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinə  Avropa Parlamenti və digər Avropa strukturlarında davamlı dəstəyinə görə qonağa  təşəkkür edən səfir, bu medalın iki ölkə arasında yaxın dostluq və əməkdaşlıq münasibətlərinin bir nişanəsi olduğunu söyləmişdir.

Öz növbəsində ölkələrimizin oxşar tarix və taleləri bölüşdüyünü qeyd edən xanım İ. Qriqule, xalqlarımız arasında tarixi dostluq əlaqələrinin daim inkişaf etdiyini və iki ölkənin öz dövlət müstəqilliyini bərpa etməsindən sonra yaxın dostluq və əməkdaşlıq münasibətlərinin yeni bir mərhələyə qədəm qoyduğunu diqqətə çatdırmışdır.

Latviyanı Azərbaycanın “böyük dostu” adlandıran xanım İ. Qriqule əlaqələrimizin Avropa strukturlarında da uğurla inkişaf etdiyini söyləmişdir. Bu xüsusda  latviyalı həmkarı və yaxın tərəfdaşı A.Ameriksin rəhbərliyi ilə Avropa Parlamentində Azərbaycana dost münasibət göstərən deputatların dostluq qrupunun yaradıldığını məmnuniyyətlə xatırladan xanım İ.Qriqule, bu qrupun Azərbaycan-Aİ əlaqələrinin gələcək inkişafına böyük töhfələr verəcəyini söyləmişdir.

Həm ikitərəfli, həm də Avronest Parlament Assambleyası nümayəndə heyətinin üzvü qismində Azərbaycana səfərlərini və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, AR Milli Məclisi və digər dövlət qurumlarında keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayan xanım İ. Qriqule, onda Azərbaycan haqqında yüksək təəssüratların yarandığını və azərbaycanlı tərəfdaşları ilə yaxın dostluq və əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırmışdır.

Yüksək təltifata görə bir daha təşəkkür edən xanım İ. Qriqule, Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafına uğurlar arzu etmişdir.

image00011

image00008_1

image00012

növbəti xəbər əvvəlki xəbər