2020-06-10
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev  ilə Latviya Respublikasının Nəqliyyat Naziri cənab Tālis Linkaits arasında videokonfrans keçirilib. 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri, Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədiri cənab Muxtar Babayev  ilə Latviya Respublikasının Nəqliyyat Naziri, Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri cənab Tālis Linkaits arasında tanışlıq görüşü keçirilmişdir.

Onlayn video-konfrans formatında keçirilmiş görüşdə tərəflər Azərbaycan-Latviya əlaqələrinin davamlı inkişafından məmnun olduqlarını bildirmiş, bu əlaqələrin gələcək inkişafına qarşılıqlı dəstək ifadə etmişlər.

Söhbət əsnasında Nazir Tālis Linkaits həmsöhbəti və Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik etmişdir.  

Görüşdə ikitərəfli gündəlikdə duran bir sıra məsələlər: iki ölkə arasında tranzit-ticarət, biznes və sərmayələrin təşviqi, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmış, bu sahələrdə fəaliyyət göstərən müvafiq dövlət qurumları və işgüzar dairələr arasında birgə təmasların təşviqinə qarşılıqlı dəstək ifadə edilmişdir.  Xüsusilə hər iki ölkədə yüksək texnologiyalar və yaşıl iqtisadiyyat kimi sahələrin inkişafına xüsusi diqqətin yetirildiyi qeyd edən Nazir Muxtar Babayev, bu sahələrdə təcrübə mübadiləsi, əməkdaşlıq və birgə təşəbbüslərin təşviqinə ölkəsinin marağını ifadə etmişdir.

Görüşdə Nazir M. Babayev tərəfindən iki ölkə arasında müqavilə-hüquq bazasının cari vəziyyəti təqdim edilmiş və əsasən Latviya tərəfində baxılmaqda olan ikitərəfli saziş layihələri ilə bağlı işlərin sürətləndirilməsi və Latviya Respublikasının Prezidenti cənab Eqils Levitsin 2021-ci ildə Azərbaycana gözlənilən səfəri zamanı imzalanmasına qarşılıqlı razılıq ifadə edilmişdir.

Görüşdə COVİD-19 pandemiyası ilə əlaqədar Hökumətlərarası Komissiyanın bu il Latviyada keçirilməsi planlaşdırılan növbəti 8-ci iclasının təxirə salınması ilə əlaqədar bu formatda ikitərəfli görüş və müzakirələrin davam etdirilməsi və növbəti video konfransın Hökumətlərarası Komissiyanın  növbəti iclası ərəfəsində - cari ilin sentyabr ayında keçirilməsinə qarşılıqlı razılıq ifadə edilmişdir. Bu xüsusda tərəflər müzakirə olunan məsələlər üzrə gələcək əməkdaşlıq imkanlarının təhlili və növbəti görüşdə daha konkret əməkdaşlıq təşəbbüsləri ilə çıxış etmək barədə razılığa gəlmişlər.

Daha sonra çıxış edən Səfir Cavanşir Axundov Azərbaycanla Latviya arasında tranzit-ticarət əlaqələrinin gələcək inkişafı və bu xüsusda ölkələrimiz arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində potensial əməkdaşlıq imkanlarına diqqət çəkmiş, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında beynəlxalq ticarət infrastrukturu və tarif-ticarət siyasətinin təkmilləşdirilməsinin vacib əhəmiyyət kəsb etdiyini söyləmişdir. 

Həmçinin Latviyanın yüksək texnologiyalar sahəsində inkişafı və son nailiyyətlərinə diqqət çəkən səfir, bu xüsusda hər iki ölkədən olan müvafiq şirkətlərin kooperasiyalar və digər birgə təşəbbüslərlə çıxış etməsinin daha faydalı ola biləcəyini diqqətə çatdırmış, bunun beynəlxalq iqtisadi rəqabətliliyin təmini, regional bazarlar və azad iqtisadi zonalara çıxış imkanlarının qazanılması və digər bu kimi müasir dövrün qlobal iqtisadi çağırışlarına uyğun ola biləcəyini söyləmişdir.

Həmçinin son illərdə iki ölkədən olan iş adamlarının iştirakı ilə bir neçə biznes forumun keçirilməsinə rəğmən ölkələrimiz arasında ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını qeyd edən səfir, bu sahədə yaşanan problemlərin hər iki ölkənin müvafiq dövlət qurumları tərəfindən təhlil edilməsi və Komissiyanın növbəti iclasında müzakirəyə çıxarılmasını təklif etmişdir.   

Söhbət əsnasında Latviya Respublikasının Prezidenti cənab Eqils Levitsin 2021-ci ildə Azərbaycana planlaşdırılan səfərinə bir daha diqqət çəkən Səfir C. Axundov, Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq hazırlıq işlərinin və xüsusilə iki ölkə arasında baxılmaqda olan saziş layihələrinin yekunlaşacağına ümidvar olduğunu bildirmişdir.

Öz növbəsində Səfir C. Axundovun qaldırdığı məsələlərə görə təşəkkür edən nazir Tālis Linkaits iki ölkə arasında tranzit-ticarət əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiklərini söyləmiş və bu yaxınlarda hər ölkədən dövlət dəmir yolu administrasiyaları rəhbərlərinin görüşəcəklərini söyləmişdir. Bu xüsusda nazir Latviyada Qərb bazarlarına çıxış imkanları baxımından əlverişli tranzit-ticarət infrastrukturunun olduğunu söyləmişdir. Həmçinin Azərbaycan sərmayələrinin Latviya iqtisadiyyatına cəlb edilməsinə ölkəsinin marağını ifadə edən Nazir Tālis Linkaits, iki ölkə arasında qarşılıqlı sərmayələrin digər ölkələrlə müqayisədə mövcud potensiala cavab vermədiyini söyləmiş, bu sahədə iki ölkənin müvafiq dövlət qurumları və işgüzar dairələri arasında qarşılıqlı səfər və birgə təmasların artırılmasının əhəmiyyətini vurğulamışdır. Latviyada nəqliyyat, logistika, qida sənayesi və digər sahələrdə potensial sərmayə imkanlarının olduğunu qeyd edən Nazir, qarşılıqlı sərmayələrin təşviqi istiqamətində daha effektiv əməkdaşlıq formatları üzərində işləməyin də əhəmiyyətli ola biləcəyini söyləmişdir.

Görüşdə Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dainis Qarançs və hər iki ölkədən digər dövlət rəsmiləri də iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər