2020-07-28
Səfir Cavanşir Axundov Latviya Respublikasının azərbaycanlı icması və diaspora təşkilatlarının nümayəndələri ilə görüş keçirmişdir.

Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyində keçirilmiş görüşdə cari ilin 12 iyul tarixindən etibarən Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilmiş son erməni təxribatları müzakirə edilmişdir.

Söhbət zamanı qeyd edilən təxribatlar ilə əlaqədar nümayiş etdirilən yüksək vətənpərvərlik nümunələri, həmvətənlilərimizin müvafiq etiraz nümayişləri və avtomobil karvanından ibarət etiraz yürüşünə görə təşəkkür edən səfir, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında bütün qüvvələrimizi səfərbər etməyin bir daha vacib olduğunu bildirmişdir. Bu xüsusda Prezidentimiz cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifələr və bütün dünya azərbaycanlılarına müvafiq müraciətlərini bir daha diqqətə çatdıran səfir, həmvətənlilərimizi xalqımızın və dövlətimizin mənafeləri naminə sıx birləşməyə dəvət etmiş, bu istiqamətdə diaspora təşkilatlarımızın fəaliyyətinə hər bir dəstəyin göstərilməsinə hazır olduğumuzu söyləmişdir.

Görüşdə həmçinin Latviyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılmış və birgə qərarlar qəbul edilmişdir.

Bu mövzuda çıxış edən “Azəri” diaspora təşkilatının sədri Ulduzxan Əhmədov diaspora fəaliyyətinin təşkilatlanması və fəaliyyətinin koordinasiyası mövzusunda öz təkliflərini vermişdir.

Həmçinin çıxış edən diasporumuzun tanınmış nümayəndələri Rafiq Seyfullayev, Adıgözəl Məmmədov diaspora fəaliyyətinin təkmilləşdiriliməsi, bu xüsusda soydaşlarımızın tarixi vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi mövzularında təkliflər irəli sürmüş, bu sahədə diasporumuzun gənc üzvlərinə lazımi dəstəyi göstərməyə hazır olduqlarını söyləmişlər.   

Sonra söz diasporumuzun gənc üzvlərinə verilmişdir. Çıxış edən Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvləri Elnur Rəhimov və Amil Səlimov Azərbaycan həqiqətlərinin Latviya və dünya ictimaiyyəti qarşısında təbliğinin artırılması ilə bağlı təkliflər irəli sürmüş, bu xüsusda ölkənin reklam bazarı, nüfuzlu media qurumları və sosial şəbəkələrdə fəaliyyətin gücləndirilməsinə birgə qərar verilmişdir.  

Sonda diaspora nümayəndələrinin fəaliyyətinə uğurlar arzu edən səfir Cavanşir Axundov, onlara lazımi dəstəyin göstərilməsinə daim hazır olduğumuzu söyləmişdir.

WhatsApp Image 2020-07-23 at 19.25.04

WhatsApp Image 2020-07-23 at 19.25.04 (1)

WhatsApp Image 2020-07-29 at 10.01.56

WhatsApp Image 2020-07-29 at 10.01.56 (1)

əvvəlki xəbər