2020-09-10
Sentyabrın 8-də Latviya Unversitetinin Akademik kitabxanasında yerləşən Azərbaycan İnformasiya Mərkəzində Azərbaycan dili kursları artıq 3-cü dəfə öz məşğələlərinə başladı.

Ana dili – hər bir xalqın kimliyi, milli-mənəvi varlığı, həyat tərzi, mədəni irsidir. Azərbaycanın dilinin,  tarixinin, mədəniyyətinin təbliği səfirlik və diaspor təşkilatları üçün prioritet məsələlərdən biridir.

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli fərmanı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, ölkəmizin Latviyadakı səfirliyi və Riqada fəaliyyət göstərən “Ocaq” Azərbaycan mədəniyyəti mərkəzi tərəfindən bu ölkədə yaşayan azərbaycanlı icmasının gənc üzvləri arasında ana dilinin qorunub saxlanması və mükəmməl mənimsənilməsi, həmçinin Azərbaycan dilinin yerli və əcnəbi vətəndaşlar üçün xarici dil olaraq tədrisinə qərar verilib.

2020-ci ilin yeni dərs ilində Latviya Akademik kitabxanasının mədəniyyətlərarası dialoq   mərkəzi   və Azərbaycanın Latviyadakı səfirliyi,  tələbələri  artıq  3-cü dəfə Azərbaycan dilinin ödənişsiz tədrisi kurslarına dəvət edib. Bu dərslər  adıçəkilən kitabxanada səfirliyin təşəbbüsü ilə  yaradılan Azərbaycan İnformasiya mərkəzinin fəaliyyətə başlamasından sonra  mümkün olmuşdur.

Məşğələlər səfirlik tərəfindən müvafiq dərs vəsaitləri ilə təmin olunub.  Müxtəlif yaş qrupuna  aid olan, Latviyada yaşayan azərbaycanlılarla yanaşı, kurslara  latışlar, ruslar, ukraynalılar, yəhudilər və digər millətlərin nümayəndələri də böyük maraq göstərirlər.

Dərsləri Riqada Azərbaycan dilini uzun illər uğurla tədris edən Günay Əliyeva aparır. “Kurslarda cavanlar böyük əksəriyyət təşkil edir. Hər dəfə yeni, ixtisasca müxtəlif olan gənclərlə tanış olmaq, onlarla işləmək olduqca məsuliyyətli və maraqlıdır. Müasir gənclər dünya dillərini öyrənməyə daha meyillidirlər və bu da onların dilqavrama qabiliyyətini gücləndirir. Tələbələr nəinki Azərbaycan dilini mənimsəməyə çalışır, onlar eyni zamanda Azərbaycanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə böyük maraq göstərirlər. Bu da olduqca önəmlidir: ölkəmizə qarşı informasiya müharibəsinin aparıldığı bir zamanda Latviya cəmiyyəti Azərbaycan gerçəkliklərinə dair obyektiv və qərəzsiz informasiya almalıdır.  Mən tələbələrimlə müasir, sürətlə inkişaf edən  Azərbaycan haqqında geniş müstəvidə söhbətlər aparır,  tarixə də yeri gəldikcə ekskurs edir, ən əsası – onları Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı soyqırımı haqqında məlumatlandırmağa çalışıram. Bu hadisə şagirdlərimi o qədər təsirləndirdi ki, Xocalı faciəsinə həsr edilən  tədbirlərimizin birində  onlar böyük emosional təsir qüvvəsinə malik  ədəbi-bədii kompozisiya ilə çıxış etdilər ”, -deyə Günay Əliyeva bildirib.

2019-cu ildə böyük Azərbaycan şairi, mütəfəkkiri Nəsiminin  650 illik yubileyi  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamı ilə geniş qeyd olundu. Bu hadisə ilə əlaqədar  Riqa Klassik  gimnaziyasında keçirilən elmi-bədii gecəyə  Azərbaycan dili  kurslarının dinləyiciləri də qatılaraq,  Nəsiminin qəzəllərini  müxtəlif dillərdə səsləndirdilər.

Hal -hazırda Latviyada dilimizə mükəmməl bələd olan  yeganə  tərcüməçi görkəmli ədib, şair Uldis Berzinşdir. Latviya oxucuları onun tərcüməsində “Kitabi -Dədə Qorqud” dastanını, habelə bir sıra müasir Azərbaycan şairinin ( M.Müşfiq, S.Vurğun, R.Rza, M.Araz, İ.İsmayılzadə, Ə.Salahzadə  V.Səmədoğlu, R.Rövşən və s.) əsərlərini oxumaq  imkanını əldə ediblər.

Kursların başlıca məqsədlərindən biri elə tələbələr arasında ən bacarıqlı olanları seçib Bakıya təhsilini davam etdirmək üçün  ezam etmək, başqa sözlə  zəngin Azərbaycan ədəbiyyatını latış dilinə  çevirmək iqtidarında olan  peşəkar mütərcimlər  yetişdirmək işində bir növ vasitəçi olmaqdır.  

Dərslərə böyük həvəslə qoşulan Liva adlı latviyalı gənc xanım Azərbaycan dilini öyrənmək həvəsinin səbəbini belə açıqlayır: “Məni Azərbaycanın gözəlliyi, onun zəngin, mədəni-tarixi irsi, qədim,  rəngarəng və ləziz mətbəxi, milli adət-ənənələri  cəlb edir. Azərbaycanlılarla onların mükəmməl, ahəngdar, musiqili dilində danışmaq imkanımın yaranması məni çox sevindirir”.

Uşaq və yeniyetmələr üçün məşğələlər isə  Baltikyanı ölkələrdə ən böyük təhsil ocağı olan Riqa Dövlət Klassik Gimnaziyasında keçirilir.  Onu da deyək ki,  fəlsəfə elmləri doktoru həmyerlimiz Roman Əliyevin direktor olduğu adıçəkilən gimnaziya təhsil sahəsində  nailiyyətlərə görə “Atis Kronvalds Fondu” tərəfindən ölkənin ən qabaqcıl gimnaziyaları arasında keçirilən ümumölkə müsabiqəsində birincilik qazanmışdır. Gimnaziyadakı hər bir dərs Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanır, məktəblilərə ana dilimizlə bərabər, xalq mahnıları,  çeşidli şeirlər  öyrədilir: beləliklə,  Latviyanın vətəndaşları olan Azərbaycan uşaqları öz köklərini unutmaq təhlükəsindən uzaq olub, milli ənənələrimizlə sıx təmasda - vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Məktəblilərin ən sevdiyi əyləncələrdən biri isə qədim xalq oyunlarımızdan biri olan “Dəyirman” oyunudur. Gimnaziyada  habelə  milli rəqs dərnəyi fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdən ibarət “Çinar” rəqs qrupuna böyük bacarıq və sevgi ilə Anjela Cəfərova rəhbərlik edir.  Öz repertuarını bir-birindən gözəl rəqs kompozisiyaları ilə daim yeniləşdirən bu qrup  Azərbaycan incəsənətini  müxtəlif mötəbər tədbirlərdə - beynəlxalq  festivallarda, 28 may Respublika Günü ilə bağlı ziyafətlərdə,  beynəlmiləl auditoriyanın qonaq olduğu  Novruz   şənliklərində,  ənənəvi Miladqabağı xeyriyyə bazarının konsert proqramlarında yüksək səviyyədə  təmsil edib.

növbəti xəbər əvvəlki xəbər