2020-10-05
No:310/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisi və obyektlərinin raket atəşinə tutulmasına dair açıqlaması

4 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə alıb. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.

Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 22 nəfər azərbaycanlı mülki şəxs, o cümlədən 2 məktəbli qətlə yetirilib, 74 nəfər yaralanıb.

Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədli şəkildə hədəfə alınması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə yönəlik hücumlarını davam etdirməsi, günahsız insanların məqsədyönlü şəkildə öldürməsi Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyinin əyani təzahürüdür.

Vurğulayırıq ki, Ermənistanın bu hərbi təxribatı mövcud vəziyyətin şüurlu şəkildə pisləşdirilməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatların əhatə dairəsini genişləndirmək niyyətini nümayiş etdirir. Azərbaycan silahlı qüvvələri mülki şəxsləri qorumaq üçün adekvat əks tədbirlər görəcək.

Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq. Bölgədəki vəziyyətin pisləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bir daha təkrar edirik.

növbəti xəbər əvvəlki xəbər