2020-10-05
No:312/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov arasında telefon danışığına dair məlumatı

4 oktyabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Xarici İşlər nazirinin təşəbbüsü ilə Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popov arasında telefon danışığı baş tutdu.

Nazir Ceyhun Bayramov, rusiyalı həmsədrinə bölgədəki artan gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə məlumat verdi. Nazir, təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəfə çevrilməsinin mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğuladı. Rusiyalı həmsədrə bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olduğu və 111 nəfər isə yaralandığı barədə məlumat verildi. Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güddüyü İqor Popovun diqqətinə çatdırıldı. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasının bir daha bariz nümunəsi olduğunu vurğuladı.

İqor Popov, bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə etdi və atəşkəsə əməletmənin əhəmiyyətini vurğuladı.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd etdi.

növbəti xəbər əvvəlki xəbər