Azərbaycan Respublikası vətəndaşlığından çıxılması
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:
- Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır.anket.pdf Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onda onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin uşağın vətəndaşlıqdan çıxılması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 4 rəngli fotoşəkil (35 mm x 45 mm);
- Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;
- 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm); (Şəkillərin anketlərə yapışdırılmasını xahiş edirik);
- 60 ABŞ dolları dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli (Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 16.2.2. maddəsi)
- Şəxsiyyəti və vətəndaşlığı təsdiq edən sənədlərin surətləri (doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və s.);
- Tərcümeyi-hal;
- Latviya Respublikası rəsmi orqanları tərəfindən müraciət edən şəxsin Latviya vətəndaşlığına qəbul edilməsinə dair verilmiş təminat məktubunun əsli;
- Yaşayış yeri haqqında arayış;
- Ərizəçinin Latviya Respublikasında yaşamaq haqqında icazəsi və onun Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcüməsi;
- Valideynin 18 yaşı tamam olmamış uşağın vətəndaşlıqdan çıxması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi;
- Latviya dilində təqdim olunan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcümə olunmalıdır;
Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlər 5 nüsxədə və hər nüsxə ayrı-ayrılıqda fayla qoyularaq təqdim olunmalıdır. Eyni zamanda vətəndaşlıqdan çıxma prosesinin tezləşdirilməsi üçün Azərbaycan Republikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüter vasitəsilə yazılmasını xahiş edirik.
Azərbaycan Respublikası vətəndaşlığından çıxılması ilə bağlı müraciətlərə 6-12 ay müddətinə baxılır.