Latviya Seyminin spikeri Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
Fevralın 25-də Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov Seymin spikeri İnara Murniyetse ilə görüşüb.
Səfiri səmimi qarşılayan spiker Latviya-Azərbaycan əməkdaşlığının inkişafında parlamentlərarası diplomatiyanın rolunu qeyd edib. O, iki ölkə arasında gələcəkdə də dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf edəcəyinə əminliyini bildirib.
Görüşə görə təşəkkür edən səfir E.Zeynalov deyib ki, ölkələrimiz arasında siyasət, iqtisadiyyat və digər sahələrdə davamlı əməkdaşlıq mövcuddur, parlamentlərarası dostluq qruplarının potensialından daha çox istifadə etmək lazımdır.
Latviyaya Avropa İttifaqı Şurasında sədrliyi dövründə uğurlar arzulayan diplomat Avropaya inteqrasiyası yolunda ölkəmizə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Latviya arasında uğurlu iqtisadi əməkdaşlıq nəticəsində bu ölkəyə qoyulan investisiyalarımızın həcmi son 5 ildə 6 dəfə artıb.
Səfir Latviya iqtisadiyyatının inkişafına sanballı töhfələr verən çoxsaylı Azərbaycan diasporuna göstərilən dəstəyə görə də təşəkkür edib.
Seymin sədri İ.Murniyetse Latviyanın ictimai-siyasi həyatında Azərbaycan diasporunun rolunu diqqətə çatdırıb, üç il əvvəl keçirilmiş referendumda latış dilini dəstəklədiyinə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Latviya ilə Azərbaycan xalqları ortaq tarixi anlayışa malikdir. Hər iki ölkənin yanvar təqvimində hüzn tarixləri var.
Latviya Azərbaycan ilə Aİ-nin yaxınlaşmasını həmişə dəstəkləyib. İ.Murniyetse may ayında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində Azərbaycanın yüksək səviyyədə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanlı diplomat spikeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyəti və həlli yolları barədə məlumatlandırıb.
Bildirib ki, 23 il əvvəl Xocalıda müdhiş faciə baş verib. Onun təqsirkarları isə Ermənistanın indiki hakimiyyətidir. Xocalı soyqırımı ilə bağlı bir sıra ölkələrin parlamentləri qərar qəbul ediblər. Azərbaycan Xocalı soyqırımına Latviyanın parlament səviyyəsində münasibət bildirməsində maraqlıdır. Səfir deyib ki, əgər Avropa Dağlıq Qarabağ probleminə Ukrayna hadisələrində olduğu kimi reaksiya versəydi, münaqişə çoxdan həll edilərdi.
İ.Murniyetse Latviya parlamenti adından Azərbaycan dövlətinə və xalqına Xocalı soyqırımı ilə bağlı başsağlığı verib. Qeyd edib ki, baş verən son hadisələr baxımından dövlətlərin ərazi bütövlüyü hər şeydən vacibdir.
E.Zeynalov səmimi sözlərə görə təşəkkürünü bildirərək, İ.Murniyetseni Azərbaycana dəvət edib.