Azərbaycan Riqada Milad xeyriyyə yarmarkasında təmsil olunub
Dekabrın 5-də Riqa Dumasının binasında Beynəlxalq Qadınlar Klubunun və Latviyada akkreditə olunmuş səfirliklərin dəstəyi ilə 19-cu Milad xeyriyyə yarmarkası keçirilib.
Xeyriyyə yarmarkasının açılış mərasimində Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, habelə səfirliyin əməkdaşları iştirak ediblər. Səfirliyin dəstəyi ilə hazırlanan Azərbaycan pavilyonunda “Azərbaycan” və “Abşeron” restoranlarından milli yeməklər, suvenirlər, kitablar, ölkəmiz haqqında bukletlər nümayiş etdirilib.
Latviya Prezidenti Raymonds Veyonis ailə üzvlərinin müşayiəti ilə Azərbaycan pavilyonuna gəlib. Səfirliyin müşaviri Gəray Muradov Latviya Prezidentinə nümayiş etdirilən məhsullar haqqında məlumat verib. R.Veyonis Azərbaycan dolmasının, qutabının və şərbətinin dadına baxıb. Prezident Azərbaycan stendinin fonunda şəkil çəkdirib, qonaqpərvərliyə və xeyriyyə yarmarkasında iştirakına görə Azərbaycan səfirliyinə təşəkkür edib.
Azərbaycan pavilyonuna gələn qonaqların sırasında Latviyanın görkəmli siyasi və ictimai xadimləri, KİV nümayəndələri olublar.
Azərbaycan səfirliyi hər il olduğu kimi, bu il də ümumi xeyriyyə tədbirinə nəzərəçarpacaq dərəcədə töhfə verib. Satışdan əldə edilən vəsait onlarla xeyriyyə təşkilatlarına paylanılacaq.