2015-12-11

Riqada ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

 Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar, dekabrın 11-də Azərbaycanın Latviyadakı səfirliyində anım tədbiri keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, Latviya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 Tədbirin əvvəlində ulu öndər, müasir, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov deyib ki, zaman keçdikcə biz ümummilli lider Heydər Əliyevin əzəmətini və müdrikliyini, bütün həyatını həsr etdiyi Vətənə və xalqına necə böyük məhəbbət bəslədiyini daha yaxşı anlayırıq.

 E.Zeynalov Ümummilli Liderin Azərbaycan naminə gördüyü böyük işlər haqda danışıb, qeyd edib ki, bu işlər ona tarixdə və xalqın yaddaşında ölməzlik gətirib. Təsadüfi deyil ki, Ulu Öndərin dəfn edildiyi Fəxri Xiyaban bu illər ərzində xalqımız üçün müqəddəs məkana çevrilib.

 Azərbaycan diasporunun nümayəndələri U.Əhmədov və A.Məmmədov bugünkü Azərbaycanın təşəkkülündə və möhkəmlənməsində görkəmli siyasi xadim Heydər Əliyevin rolundan danışıblar. Ulu Öndərin xaricdə yaşayan azərbaycanlılara böyük diqqəti, dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun sıx birləşməsində onun səyləri vurğulanıb.

 Anım tədbirində qeyd edilib ki, ulu öndər Heydər Əliyev dövlət quruculuğu prosesində və ictimai həyatda gənclərə xüsusi diqqət və qayğı göstərirdi. Müstəqil Azərbaycan dövlətinin tərəqqisi naminə Azərbaycan gənclərinin təşkilatlanması və səfərbər edilməsi baxımından bu siyasətin böyük əhəmiyyəti vurğulanıb.

Arxiv üzrə axtarış