Azərbaycan-Latviya əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib
Riqa merinin müavini Andriks Ameriksin təşəbbüsü ilə Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradovla görüş keçirilib. Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli münasibətlərin inkişafı perspektivləri müzakirə edilib. Qeyd olunub ki, bu səfərlər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Tərəflər Bakı limanının təkmilləşdirilməsi layihəsi üzrə qarşılıqlı fəaliyyət yollarını nəzərdən keçiriblər.
A.Ameriks mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Riqada keçirilmiş “Bakı riqalıların gözü ilə” sərgisini xatırladıb. Görüşdə mühüm hadisələr ərəfəsində mütəmadi olaraq reklam xarakterli sərgilər keçirilməsi barədə razılaşma əldə edilib.
Gəray Muradov qeyd edib ki, Latviyanın sabiq baş naziri Valdis Dombrovskisin və iqtisadiyyat naziri Dana Reyzniyetse-Ozolanın rəhbərlik etdiyi yüksək səviyyəli Latviya nümayəndə heyətinin son bir neçə ildə Azərbaycana səfərləri Azərbaycanla Latviya arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və fəallaşmasına şərait yaradıb.
Qeyd edilib ki, yaxın vaxtlarda latviyalı sahibkarlardan ibarət böyük bir nümayəndə heyəti Azərbaycanda keçiriləcək 15-ci, yubiley “Turizm və səyahət” beynəlxalq sərgisində (AİTF 2016) iştirak edəcək. Bu sərgi turizm sahəsində danışıqlar aparılması, görüşlər, fikir və təklif mübadiləsi üçün əsas məkan olacaq.
G.Muradov Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq hər il yürüş keçirilməsinə göstərilən köməyə görə Riqa Dumasına təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.