Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov qarşıdan gələn səfərlə bağlı Margers Krams ilə görüşüb.
Latviya Xarici İşlər Nazirliyinin İkitərəfli Münasibətlər Direksiyasının rəhbəri Margers Krams martın 9-da Bakıya səfər edəcək.
Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov qarşıdan gələn səfərlə bağlı Margers Krams ilə görüşüb.
Görüşdə Bakıya səfərinin məqsədlərindən danışan M.Krams bildirib ki, XİN-lərarası məsləhətləşmələrdə siyasi və iqtisadi sahələrdə Latviya-Azərbaycan münasibətlərinin inkişafına, habelə yüksək səviyyədə qarşılıqlı səfərlərin dəstəklənməsinə və dinamikasına xüsusi diqqət yetiriləcək. Direksiyanın rəhbəri deyib ki, 2015-ci ildə Aİ-də Latviyanın sədrlik etdiyi nəzərə alınsa, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində layihələr, Azərbaycan-Aİ münasibətləri Latviya üçün prioritet məsələlər olaraq qalır.
Görüşdə ikitərəfli və çoxşaxəli Azərbaycan-Latviya münasibətlərinin genişləndirilməsi və əlaqələndirilməsi üzrə səmərəli mexanizmlər müzakirə edilib.
Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin bu yaxınlarda Bakıya səfəri barədə latviyalı həmkarına məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Gəray Muradov diqqətə çatdırıb ki, F.Mogerini Bakıya səfəri zamanı Aİ-nin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.
Azərbaycan tərəfinin irəli sürdüyü Aİ ilə strateji əməkdaşlıq haqqında saziş layihəsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Riqa Dumasının mötəbər nümayəndə heyətinin Azərbaycana mümkün səfəri də müzakirə edilib, M.Kramsın Bakıdakı XİN-lərarası məsləhətləşmələrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər M.Kramsın Bakıya səfərinin və XİN-lərarası məsləhətləşmələrin yekunlarını növbəti görüşdə müzakirə etmək barədə razılığa gəliblər.