2016-03-25

Latviya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib

Regional məsələlər üzrə komitənin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Latviyaya səfəri çərçivəsində Latviya Prezidenti Administrasiyasının rəhbəri Quntis Pukitis ilə görüşüb. Görüşdə Latviya Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Mayya Manika, iqtisadi məsələlər üzrə müşaviri Andis Yekabsons və konstitusiya hüququ üzrə müşaviri Yanis Pleps, habelə Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov iştirak ediblər.

Arif Rəhimzadə iki ölkənin münasibətlərində müsbət dinamikanın mövcud olduğunu qeyd edib, ikitərəfli münasibətlərin, o cümlədən, ticari-iqtisadi münasibətlərin ümumi səylərlə daha da inkişaf etdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Rəhimzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, bir milyondan çox azərbaycanlının qaçqına və məcburi köçkünə çevrilməsi barədə məlumat verib. O bildirib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar dəfələrlə doğma yerlərindən qovulublar, etnik təmizləməyə və deportasiyaya məruz qalıblar.

Latviya tərəfi diqqətə çatdırıb ki, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü istər ikitərəfli, istərsə də çoxtərəfli səviyyələrdə həmişə dəstəkləyib.

Latviya Prezidenti Administrasiyasının rəhbəri Quntis Pukitis deyib ki, Prezident Raymonds Veyonis yaxın günlərdə Azərbaycana rəsmi səfər etmək niyyətindədir. O bildirib ki, Latviya Seyminin sədri İnara Murniyetsenin də bu ilin sentyabrında Azərbaycana səfəri gözlənilir.

Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artmaqda olan rolu və bu baxımdan “Cənub” Qaz Dəhlizinin enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu vurğulanıb.

Azərbaycan nümayəndə heyəti martın 12-də Yurmalada şəhər bələdiyyəsinin rəsmi nümayəndələri ilə görüşüb. Görüşdə Avropa Parlamentinin deputatı İveta Qriqule də iştirak edib. Latviya deputatı Bakıya səfəri barədə təəssüratlarını bölüşərək, ölkədə baş verən qeyri-adi dəyişiklikləri qeyd edib. İ.Qruqule vurğulayıb ki, həmkarlarının Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi üçün hər cür səy göstərəcək.

Görüşdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təcrübə mübadiləsi imkanları müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin Latviyaya səfəri başa çatıb.

Arxiv üzrə axtarış