2016-04-07

Latviyalı deputat: Biz Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik

Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu bəyanat aprelin 6-da Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradovun görüşündə səsləndirilib.

Görüşdə Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Xosams Abu-Meri, qrupun üzvləri Roman Naudinş, Martinş Şits, Sergey Dolqopolov və başqaları iştirak ediblər.

G.Muradov deputatları təmas xəttində hərbi əməliyyatların gərginləşməsinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatı, ölkənin Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə bəyanatı ilə tanış edib. O deyib ki, Azərbaycan birtərəfli qaydada atəşin dayandırılmasını elan edib, lakin Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri atəşə tutmaqda davam edir. G.Muradov Latviya tərəfinə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə, habelə Seym tərəfindən keçən ilin Xocalı ili elan olunmasına görə təşəkkür edib.

Parlamentlərarası qrupun rəhbəri X.Meri qrup üzvləri adından Dağlıq Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsinə görə narahatlığını bildirib.

Deputat Roman Naudinş xatırladıb ki, Ermənistan 2014-cü ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycandan fərqli olaraq Ukrayna sərhədlərinin pozulmazlığı əleyhinə səs verib. Deputat vurğulayıb ki, bu fakt Ermənistanın təcavüzkar mövqeyini bir daha təsdiqləyir.

X.Meri görüşdə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsini növbəti dəfə təsdiqləyib. Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan ilə həmrəylik ifadə olunub. Deputatlar Azərbaycanın münaqişəni sülh yolu ilə nizama salmaq niyyətini alqışlayıblar.

Görüşdə Latviya tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyi barədə Latviya ictimaiyyətinin məlumatlandırılması üçün Dağlıq Qarabağ haqqında latış dilində videoçarx hazırlamağı təklif edib.

Arxiv üzrə axtarış