Latviya Müstəqillik haqqında Bəyannamənin Elan Edilməsi Gününü bayram edir
Mayın 4-də Latviya dövlət bayramını - Respublikanın Müstəqilliyi haqqında Bəyannamənin Elan Edilməsi Gününü qeyd edir. Həmin gün dövlətin müasir tarixində iki mühüm təqvim günündən biri hesab olunur.
Latviya ilk dəfə 98 il əvvəl müstəqillik əldə edə bilib. 1918-ci il noyabrın 18-də Riqada “Müstəqillik haqqında Akt” elan edilib. Bu sənədə əsasən Latviya müstəqil dövlət olub. Lakin müstəqilliyin ilk dövrü 21 il davam edib. 1990-cı il mayın 4-də Ali Sovet “Latviyanın müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edib.
Bayram münasibətilə ölkədə bir sıra rəsmi tədbirlər keçirilib.
Latviyanın müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə Seymdə təntənəli iclas keçirilib. İclasda spiker İnara Murnietse çıxış edib. Spiker vurğulayıb ki, Latviya naminə hər kəs bir azca qəhrəman olmalıdır. İnara Murnietse fikrinin davamı olaraq deyib: “1990-cı il mayın 4-ü Latviyanın müstəqilliyinin bərpası üçün səs verməklə 138 nəfər qəhrəman oldu”.
Təntənəli iclasda ənənəyə uyğun olaraq Latviya prezidenti, eks-prezidentlər, Nazirlər Kabineti üzvləri, diplomatik korpusun nümayəndələri və Latviyadakı beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Sonra Azadlıq abidəsi önünə gül dəstələri qoyulub. Mərasimdə Latviya Prezidenti Raymonds Veyonis iştirak edib.
Bütün təntənəli tədbirlərdə Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradov iştirak edib.